Siyavuş Kərimi: “Müxtəlif ölkələrdən Milli Konservatoriyaya təhsil almağa gələnlərin sayının artması da bunun göstəricisidir”
   
   Azərbaycan Milli Konservatoriyası respublikamızın müstəqillik illərində yaranmış ali təhsil müəssisələrindən biridir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli fərmanı ilə təsis edilən və 2001-ci il 10 avqust tarixli sərəncamı ilə fəaliyyətə başlayan tədris müəssisəsi ötən müddətdə respublikanın ali məktəbləri arasında özünə layiqli yer tutub. Bu il 10 yaşı tamam olan Milli Konservatoriyada təlim-tədrisdə əldə edilən nailiyyətlər, eləcə də sənət sahəsində qazanılan uğurlar barədə rektor, Xalq artisti, professor Siyavuş Kərimi ilə söhbət etdik.
   
   Rektor öncə təhsil ocağının fəaliyyətinə qısa nəzər saldı:
   - Hər bir işin başlanğıcı çətin olur. Ulu öndərimizin milli musiqimizin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsi olaraq 10 il əvvəl Milli Konservatoriya yaradıldı. Ümummilli liderin sərəncamı ilə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası Azərbaycan Milli Konservatoriyasının tərkibinə daxil edildi. Təhsil ocağı bu illərdə mühüm inkişaf yolu keçib. Vaxtilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Milli musiqi kafedrası” fəaliyyət göstərirdisə, bu gün milli musiqimizin tədrisi böyük bir konservatoriyada həyata keçirilir.
   Biz Azərbaycan milli musiqisinin inkişafına və tədrisinə cavabdeh olan aparıcı təşkilat kimi üzərimizə düşən işin məsuliyyətini hiss edirik.
   - Konservatoriyada tədris prosesi barədə nə deyə bilərsiniz? Xarici ölkələrdən də tələbələriniz varmı?
   - Bəzən elə təsəvvür yaranır ki, Milli Konservatoriya təkcə muğamı təbliğ edir. Lakin milli musiqi geniş anlamdır. Təbii ki, Azərbaycan milli musiqisinin təməli muğam və aşıq musiqisi üzərində qurulub. Bu gün dövlət tərəfindən milli musiqimizin, muğamın inkişafına böyük diqqət göstərilir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bu işə böyük töhfədir. Biz də bu istiqamətdə şərait imkan verdiyi qədər çalışırıq. Tezliklə təhsil ocağı üçün yeni bina ərsəyə gələndən sonra konservatoriya öz işini daha geniş və rahat şəkildə həyata keçirəcək.
   Struktura gəldikdə. Milli Konservatoriyada 2 fakültə, 8 kafedra fəaliyyət göstərir. Gələcəkdə fakültə və kafedraların sayını artırmağı nəzərdə tuturuq. Təhsil ocağı tələbə korpusu ilə yanaşı, müəllim heyəti də geniş deyil. Amma musiqi aləminin bir çox tanınmış simaları bizim müəllim heyətində yer alıb. Elə tələbələrimiz var ki, artıq populyar ifaçılardılar. Onlar Azərbaycan mədəniyyətini təkcə ölkə daxilində deyil, həm də respublikanın hüdudlarında kənarda layiqincə təbliğ edirlər.
   Respublikamızda keçirilən muğam festivalları milli musiqimizin dünyada tanınmasına böyük təkan verib. Bu festivallardan sonra dünyada Azərbaycan musiqisinə maraq artmışdır. Müxtəlif ölkələrdən bizim konservatoriyaya təhsil almağa gələnlərin sayının ilbəil artması da bunun göstəricisidir. Türkiyədən, İrandan, Koreyadan tələbələrimiz var. Milli Konservatoriyamızın Yaxın Şərq ölkələri arasında ən aparıcı ali musiqi məktəbi adı alması üçün bütün şansları var və biz də bu yöndə əlimizdən gələn işləri görməyə çalışırıq.
   - Bildiyimizə görə, təhsil ocağında milli musiqi alətləri də hazırlanır...
   - Konservatoriyada milli musiqi alətləri üzrə laboratoriya fəaliyyət göstərir. Hələ sovet dövründə bizdə musiqi alətləri istehsal edən iki fabrik vardı. Biri Bakıda, digəri isə Şuşada idi. Bakıdakı fabrik fəaliyyətini dayandırdı, Şuşadakı isə işğal altında qalıb. Bu alətlərin istehsalı ilə məşğul olan ikinci bir təşkilat yox idi. Elə bu səbəbdən də biz bu işi öz üzərimizə götürdük. Konservatoriyanın nəzdində yaradılan “Milli musiqi alətlərinin laboratoriyası”na bacarıqlı ustalar cəlb olunub.
   Bundan əlavə, bu günə kimi ali təhsil səviyyəsində öyrənilməyən bir sıra musiqi alətlərinin tədrisinə başlamışıq. Buna misal olaraq milli nəfəs alətlərindən balaban, zurna, tütək və sairi göstərmək olar. Zərb alətlərinin də bu səviyyədə öyrədilməsi üçün hazırlıq işləri gedir. Düşünürəm ki, bunu da mükəmməl şəkildə hazırlayıb tədrisə başlayacağıq. Çünki Azərbaycanda zərb alətləri ifaçılığının gözəl tarixi ənənələri var.
   Siyavuş Kərimi milli musiqimizin inkişafında mühüm əhəmiyyətli layihələrə imza atan şəxslərdən biridir. Bir çox beynəlxalq səviyyəli musiqi layihələrinin müəllifidir. İki cildlik “Azərbaycan xalq mahnıları” kitabının tərtibçisi, “Saz məktəbi” dərsliyinin həmmüəllifi, “Muğam ensiklopediya”sının “Azərbaycan xanəndələri” CD toplusunun səsyazma rəhbəri - bu sənətkarın son illəri əhatə edən işlərin bir qismidir. İnanırıq ki, professional musiqiçinin rəhbərliyi altında Milli Konservatoriyamız daha da inkişaf edərək qarşıdakı illəri böyük mədəni hadisələrlə qarşılayacaq. Bu işdə kollektivə uğurlar arzulayırıq.
   
   Lalə Azəri