Görkəmli bəstəkar, Prezident təqaüdçüsü, Azərbaycanın və Dağıstanın (Rusiya Federasiyası) Xalq artisti Elza İbrahimova dünən (10 yanvar) ad gününü qeyd etdi. Bu xanımın sehrli musiqisinin insanda yaratdığı hisləri, assosiasiyanı təsvir etmək mümkün deyil.
   
   Bir çoxlarımız onun musiqisi ilə böyümüşük. Bu musiqilərin rəvanlığı, qəlbə yatımlığı, ürəkləri riqqətə gətirən ecazkarlığı bəstəkarı bütün Azərbaycana sevdirə bilmişdir. Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova, İslam Rzayev, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova, İlhamə Quliyeva və başqalarının ifasında dinləyicilərin qəlbinə yol tapan mahnılar bu gün gənc nəsil müğənnilərin də repertuarından əskik olmur. Çünki bu musiqilər ölməz və əbədiyaşar əsərlərdir. Elza xanıma telefon açıb ad gününü təbrik etdik. Qardaşı Çingiz İbrahimov bəstəkarın səhhətində bəzi problemlərin olduğunu bildirdi. Buna baxmayaraq bizi maraqlandıran sualları cavablandıracaqlarını dedi.
   Elza İmaməddin qızı İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir.
   Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və Elza musiqi məktəbinə yazılır. Pianoda gözəl ifa bacarığı ilə digərlərindən seçilən gələcəyin tanınmış bəstəkarının məktəb yaşlarından musiqiyə meylli olduğu hiss olunurdu. Musiqi məktəbində oxuduğu vaxtlarda müəllimi Boris Yermolayev onun istedadını görüb gələcəkdə bəstəkar olacağını demişdi. Konservatoriyada müəllimi dahi Qara Qarayev onun böyük gələcəyi olduğuna inanırdı.
   O, 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza xanımın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan “Qurban verərdim”lə bərabər “Sən mənə lazımsan”(söz. Ə. Kürçaylı), “Bağçadan keçmisən”(söz. Ə.Əlibəyli) və s. tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur. Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən Elza xanım diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
   Elza İbrahimova 50 ilə yaxın yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey, vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirinə, eləcə də ləzgi və rus dillərində onlarla poetik nümunəyə musiqi yazan sənətkar hər zaman klassik musiqi və Azərbaycan muğamından bəhrələndiyini bildirir. Bu gün müğənnilərdən Teymur Əmrah, Brilliant Dadaşova, Elton Hüseynəliyev və digərləri ilə işləyir. Müğənninin istedadlı və savadlı olması bəstəkar üçün vacib şərtlərdən biridir. Elza xanım hazırda telekanallarda istedadları üzə çıxaran layihələrin həyata keçirilməsini müsbət qiymətləndirir, onların gənclərə yardım etdiyini deyir.
   “Sən yadıma düşəndə”, “Gəl barışaq”, “Gecələr bulaq başı” və s. populyar mahnılara imza atan Elza İbrahimova təkcə vətəni Azərbaycanın deyil, Dağıstanda da sevilir, bu respublikanın ilk qadın bəstəkarıdır. Saxtalıqdan uzaq olan əsl musiqi mərhəmətli olmaqda insana yardım edir. Gözəl musiqi hətta daş ürəkləri də yumşaltmağa qadirdir. Elza xanımın bəstələri insanlarda xoş əhval-ruhiyyə və nostalji hisslər yaratdığından onun mahnıları istər gənc, istərsə də yaşlı nəsil nümayəndələri tərəfindən hər zaman sevilir. Milyonlarla dinləyicinin qəlbini ovsunlayan bəstəkarın Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti və öz yeri var. Ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
   
   Lalə Azəri