Bəlağətli və şaqraq səsi-avazı ilə tanınan, şöhrəti Azərbaycanın hüdudlarını aşan, İranda, Türkiyədə, Gürcüstanda, Orta Asiyada tanınan görkəmli sənətkarlarımızdan biri də Şəkili Ələsgər olub.
   
   Musiqi tariximizdə görkəmli xanəndə kimi tanınan Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olub. O, yoxsul valideynlərinə kömək məqsədi ilə gənc yaşlarından zəhmətə qatlaşır. Bənna köməkçisi olur. Xanəndənin Keştazlı Həşimlə təsadüfi görüşü onun həyatında dönüş yaradır.
   Belə deyirlər ki, günlərin bir günü Şəkinin zəngin ailələrindən biri oğluna toy edir. Qarabağdan tanınmış xanəndə Keştazlı Həşim bu şənliyə dəvət olunur. Geniş və yaraşıqlı salon qonaqlarla dolu olur. “Bayatı-Qacar”ın sədası ürəkləri riqqətə gətiribmiş...
   Nəhayət, xanəndə dəstgahı başa vurur. Bu məqamda bir qoca bənna “toy bəyinə” müraciət edir: “Bəy, icazə verin bizim uşaq da oxusun”. Bənnanın təklifi narazılıqla qarşılanır: “O da oxumaq bilir? Əşi, ayıbdır, heç insafdır ki, xanəndənin yanında uşaq-muşaq oxusun?” - deyə səslər eşidilir. Xanəndə işə qarışmalı olur. O, məclis əhlinə müraciətlə deyir: “Camaat, sakit olun, qoyun oxusun. Bəlkə yaxşı səsi var”.
   Gəncin bulaq kimi çağlayan səsi, elə ilk dəqiqədən məclis əhlinin diqqətini çəkir. O, muğamı oxuyub başa çatanda alqış sədaları salonu bürüyür. Xanəndə gəncin gözəl səsinə və istedadına heyran olur. Sonra əlini bərk-bərk sıxaraq deyir: “Oğlum, halal olsun, çox gözəl səsin var. Ancaq muğamata bələdliyin yoxdur. Mən nə qədər ki, Şəkidəyəm, tez-tez yanıma gəl. Sənə bir-iki muğam və təsnif öyrədim”. Keştazlı Həşimin şagirdi olan bu gənc sonralar istedadlı xanəndə olan Ələsgər Abdullayev idi.
   Gənc Ələsgər bu görüşdən sonra öz səsinin qüdrətinə inanır və məclislərə, toy şənliklərinə yol tapır. O zil və məlahətli səsi, muğamatı mükəmməl bilməsi ilə müasirlərinin etimadını qazanır. Ustad xanəndə Həşimdən ifaçılığın sirlərini, qaydalarını öyrənir, onunla birlikdə el şənliklərində çıxış edir.
   Onun ikinci müəllimi Bakı tacirlərindən Ağa Səidoğlu Ağabala olur. Bir gün Ağa Səidoğlu Şəkiyə qonaq gəlir. Fayton şəhərə daxil olarkən Ağa Səidoğlu bir gəncin divar hördüyü yerdə yanıqlı səslə “Segah” oxuduğunu görür. Bənna “Segah”ı oxuyub qurtardıqdan sonra tacir onu yanına çağırtdırır. Bir qədər söhbət etdikdən sonra deyir: “Bacıoğlu, sənin çox gözəl səsin, musiqi duyumun var. Tale sənə böyük bir istedad verib. Yaxşı olar ki, mənimlə birlikdə Bakıya gedək. Orada xanəndəlik sənətinin sirlərini öyrən”.
   Ələsgər Ağa Səidoğlunun təklifini qəbul edir, Bakıya gəlir və müəlliminin yanında musiqi təhsilini artırır. Bir müddətdən sonra Ələsgər nəinki Bakıda, hətta Azərbaycanın şəhər və kəndlərində usta bir xanəndə kimi tanınır. Qurban Pirimov deyərmiş: “Ələsgəri toya və məclisə dəvət edən şəxs bu barədə ona iki ay qabaq xəbər verərdi. O, zəhmətkeş xalqın içərisindən çıxdığına görə xalqa çox yaxın idi. Buna görə də çalışardı oxuduğu qəzəllərdə xalqın istək və arzularını ifadə etsin . Bu səbəbdən də xalq onu sevir və yüksək qiymətləndirirdi”.
   Ələsgər Bakıda teatr tamaşalarının fasilələrində və “Nicat” cəmiyyəti tərəfindən təşkil olunan “Şərq gecələri”ndə daima bir xanəndə kimi yaxından iştirak edir. Uzun illər məşhur tarzən Şirin Axundov ilə yoldaşlıq edir. Onun ansamblı təkcə Azərbaycanda deyil, Ermənistanda, Gürcüstanda, Dağıstanda, İranda da məşhur idi.
   1910-cu ilin fevral ayında məşhur türk müğənniləri Mubar Əfəndi və Mələk xanım Qafqaza qastrol səfərinə çıxarkən Bakıda da olurlar. Onlar öz konsertlərinə Ələsgəri də dəvət edirlər. Konsertin ikinci şöbəsində Ələsgər tarzən Şirin Axundovun və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə əvvəl “Mahur”, sonra isə “Heyratı” ritmik muğamını oxuyur. Tamaşaçılar və xüsusilə qonaqlar tərəfindən məhəbbətlə qarşılanan Ələsgər türklərin ikinci konsert tamaşasında da çıxış edir. Həmin konsertdə Saşa Oqanezaşvili “Şüştər”, Şirin Axundov isə “Rast!” muğamını məharətlə ifa edirlər.
   Şəkili Ələsgər 1912-1918-ci illərdə dəfələrlə Orta Asiyanın, İran və Türkiyənin bir çox şəhərlərində konsertlər verir. Hər yerdə gözəl bir nəğməkar kimi dinləyicilərin sonsuz məhəbbət və hörmətini qazanır. O, İran məclislərinin birində gözəl ifaçılıq qabiliyyətinə görə şah tərəfindən qızıl medalla təltif olunub.
   Ələsgər Abdullayev 1913-1914-cü illərdə “Sport-Rekord” və “Ekstrafon” səhmdar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunur. O, tarzənlərdən Qurban Pirimovun, Saşa Oqanezaşvilinin müşayiəti ilə “Çahargah”, “Rast”, “Mahur-hindi “, “Zabul-Segah”, “Rahab”, “Şüştər”, “Hasar” və s. muğamları vala yazdırır.
   Şəkili Ələsgər Azərbaycan milli musiqisinin bir çox sahələrində yaxından fəaliyyət göstərir. O, üç il Cabbar Qaryağdıoğlu ilə birlikdə Şərq orkestrinin tərkibində Bakı zəhmətkeşləri qarşısında çıxış edib. Qurban Pirimovla Bakının yay klublarında, “Şərq musiqisi gecələri”ndə çalıb oxuyub. Qeyri-adi istedadlı ilə musiqi mədəniyyəti tariximizdə dərin iz qoyan Ələsgər (Şəkili) Abdullayev 1929-cu il aprelin 1-də Bakıda vəfat edib.
   
   Savalan Fərəcov