Yanvarın 25-də "Eurovision" Mahnı Müsabiqəsinin açar təqdimetmə mərasimi keçiriləcək. 
   Müsabiqənin əsas mərasimlərindən olan bu tədbirdə "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision"nun rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı "Eurovision 2012"yə rəsmən ev sahibliyini qəbul edəcək.
   “Buta Palace” da keçiriləcək mərasim çərçivəsində "Eurovision 2012"də iştirak edəcək ölkələr arasında püşkatma da olacaq. Püşkatma nəticəsində mayın 22-də birinci yarımfinal, mayın 24-də ikinci yarımfinal mərhələlərində Bakı səhnəsində çıxış edəcək ölkələr müəyyənləşəcək.
   Bu arada “Eurovision 2012” müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb. Bakıda keçiriləcək müsabiqədə iştirak etmək üçün 43 ölkə müraciət edib. Bununla da "Eurovision"da iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdəki rekordu təkrarlayıb.
   Müsabiqənin açar təqdimetmə mərasiminin vacib məqamlarından biri isə "Eurovision" müsabiqəsinin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.
   "Eurovision 2012"nin ilk təntənəli tədbirində Avropa Yayımlar Birliyinin nümayəndələri də iştirak edəcək.
   Xatırladaq ki, “Eurovision 2012”-nin yarımfinalı mayın 22, 24-də, final mərhələsi isə 26-da keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
   
   Eldar və Nigar “2011-ci ilin adamı” elan olunub
   
   Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu 2011-ci ilin adamını müəyyənləşdirib. Bu ada ötən il Avropada vətənimizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiyinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdığına, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə sanballı töhfə verdiklərinə görə “Eurovision 2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal layiq görülüblər.