Tanınmış pianoçu, Prezident təqaüdçüsü İsfar Sarabski yanvarın 31-də Belçikanın paytaxtı Brüssel şəhərində geniş konsert proqramı ilə çıxış edəcək. 
   Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşəcək konsertdə pianoçunun ifasında Azərbaycan klassik musiqi əsərlərindən parçalar, öz əsərləri, caz musiqisi, xarici bəstəkarların əsərləri səsləndiriləcək.
   Caz həvəskarları İ.Sarabskinin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Konsertdə Belçika ictimaiyyətinin, Azərbaycan və türk icmaları nümayəndələrinin iştirakı da nəzərdə tutulub.
   Gənc ifaçılarının respublika müsabiqə və festivallarının, İsveçrədə keçirilən 43-cü Beynəlxalq Montre caz müsabiqəsinin qalibi olan İ.Sarabskinin adı Azərbaycan Respublikasının gənc istedadlarının “Qızıl kitab”ına yazılıb, pianoçu ABŞ-ın Berkli Musiqi Kollecinə qəbul olunub.