Rəmzi açarın təhvili mərasimində müsabiqənin konsepsiyası təqdim olunacaq
   
   Yanvarın 25-də “Eurovision 2012” mahnı müsabiqəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcək. Müsabiqənin işçi qrupundan bildiriblər ki, bu gün “Buta Palace”da “Eurovision 2012”nin rəmzi açarının təqdimetmə mərasimi, yarışmada təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və “Eurovision-2012”nin loqo və şüarının prezentasiyası olacaq.
   
   Müsabiqənin əsas mərasimlərindən olan rəmzi açarın təhvil verilməsində “Eurovision-2011”ə ev sahibliyi etmiş Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Eurovision 2012”yə ev sahibliyini rəsmən qəbul edəcək.
   Rəmzi açarın təqdimetmə mərasimindən sonra “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Qeyd edək ki, \"Böyük beşlik\" ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçənilki müsabiqənin qalibi olan Azərbaycan müsabiqəyə final mərhələsində qoşulacaq.
   Xatırladaq ki, mayın 22 və 24-də “Eurovision 2012”nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Yarımfinalda iştirak edən ölkələrin “Eurovision 2012”də çıxış ardıcıllığı mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.
   “Buta Palace”da keçiriləcək tədbirin vacib məqamlarından biri isə “Eurovision-2012”nin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı da açıqlanacaq.
   2004-cü ildən etibarən “Eurovision” mahnı müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq hər il müsabiqəyə ev sahibliyi edən ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
   
   “Müsabiqəyə hazırlıq yüksək səviyyədədir”
   
   Qeyd edək ki, “Eurovision 2012”nin ilk təntənəli tədbirində iştirak edəcək yüksək səviyyəli qonaqlar - “Eurovision” layihəsinin rəhbəri Yand Ola Sand, tədbirlər və komunikasiya rəhbəri Sietse Bakker, Düsseldorf şəhərinin meri Dirk Elsbers, eləcə də Avropa Yayımları Birliyinin nümayəndələri Bakıya gəliblər.
   Yand Ola Sand İctimai Teleradioya müsahibəsində Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlığı yüksək dəyərləndirib: “Biz çox gözəl bir hadisənin ərəfəsindəyik. Bir neçə dəfə ölkənizdə olduğum üçün Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq və məsuliyyətlə hazırlaşdığının şahidiyəm. Bu tədbirin Azərbaycanın hüdudlarından kənarda yayımlanması ən müasir texnoloji vasitələrlə həyata keçiriləcək. Müsabiqənin əsas yayımçı şirkəti İctimai Teleradio buna ciddi hazırlaşır. Şadıq ki, bütün proseslər uğurla davam edir”.
   Bununla yanaşı, mərasimi işıqlandırmaq üçün bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və «Euronews» kanalının reportyorları Azərbaycana gəliblər.
   Qeyd edək ki, yanvarın 24-də “Buta Palace”da mərasimin əsas məşqi olub. Mərasimlə bağlı Almaniya və Türkiyədən xüsusi işıq, səs və digər texniki avadanlıqlar gətirilib. Demək olar ki, bütün Avropanın izləyəcəyi proqramın istehsalı İctimai Televiziya ilə “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin prodakşn tərəfdaşı, Almaniyanın “Brainpool” şirkəti tərəfindən aparılacaq. Bu tədbirdə 3D Mapping şou həyata keçiriləcək. 270 dərəcəli görüntü isə bu mərasimə xüsusi effekt qatacaq. Məhz sözügedən şouda bu günə kimi Azərbaycanda tətbiq olunmayan texniki avadanlıqlardan istifadə olunacaq. Bu da mərasimin özünün və televiziya həllinin çox maraqlı olacağını deməyə imkan verir.
   Mərasim bir neçə ölkənin televiziya kanalında canlı yayımlanacaq.