Fevralın 11-də Rusiyanın Yaroslavl şəhərinin Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcək.
   
   Gecədə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarəsi ilə Yaroslavl Dövlət Filarmonik orkestri çıxış edəcək. Bu barədə məlumat verən dirijor bildirib ki, orkestrin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin «Don Kixot» simfonik qravürləri və görkəmli bəstəkar, professor Polad Bülbüloğlunun «Eşq və ölüm» baletindən fraqmentlər təqdim olunacaq. Bu, «Eşq və ölüm» baleti əsasında tərtib olunmuş simfonik nümunələrin ilk ifası olacaq. Konsertdə dirijor Ə.Quliyevlə bərabər Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, pianoçu Aleksandr Koryakin də çıxış edəcək.
   Proqramın ikinci bölməsində isə dünya simfonik musiqisinin ən parlaq və mürəkkəb əsərlərindən biri olan Hektor Berliozun «Fantastik simfoniyası» ifa olunacaq.
   Qeyd edək ki, konsertin təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Yaroslavl Dövlət Filarmoniyasıdır.
   
   Gülər