Milli seçim turunun yarımfinalı başlayır
   
   Yanvarın 31-dən etibarən "Eurovision-2012" mahnı müsabiqəsinin milli seçim turunun yarımfinal mərhələsinə start verilir. Yarımfinal İctimai Teleradionun canlı efirində yayımlanır.
   Yarımfinalda milli seçimlərin finalına düşmək uğrunda 8 iştirakçı mübarizə aparacaq. Bunlar milli seçimlərin ilk turunun qalibləri Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılovadır.
   Xatırladaq ki, milli seçimlərin canlı efir həftəsinə 2011-ci il noyabrın 28-də start verilmişdi. Səkkiz həftə ərzində ümumilikdə 72 iştirakçının mübarizə apardığı bu seçimlər 2012-ci il yanvarın 27-də yekunlaşıb.

  “Eurovision” muzeyində unikal eksponatlar sərgilənəcək
   
   Paytaxt Bakı 57-ci “Eurovision” mahnı müsabiqəsinə hazırlaşır. “Eurovision.az” saytında yer alan xəbərə görə, may ayında keçiriləcək müsabiqə ərəfəsində “Eurovision muzeyi”nin açılışı nəzərdə tutulub. Bakı Biznes Mərkəzindəki “Eurovision” Mərkəzi nəzdində yaradılacaq muzeydə müsabiqənin 57 illik tarixini, eləcə də Azərbaycanın “Eurovision” müsabiqələrində iştirakını əhatə edən eksponatlar toplanacaq. Muzeyin fevralın 15-dək açılması nəzərdə tutulur.