Prezident təqaüdçüləri Rüstəm Zeynalov Qran-pri, Nərmin Nəcəfli isə birinci mükafata layiq görülüb
Yanvarın 29-dan fevralın 4-dək Estoniyanın Narva şəhərində gənc pianoçuların Frederik Şopen adına IX müsabiqəsi keçirilib.
İki ildə bir dəfə keçirilən müsabiqəyə Azərbaycan, Belarus, Estoniya, Latviya, Litva, Polşa, Ukrayna və digər ölkələrdən 62 gənc ifaçı qatılıb.
Azərbaycanın Estoniyadakı səfirliyindən bildiriblər ki, müsabiqənin Qran-pri mükafatını Azərbaycan musiqiçisi, Bülbül adına Musiqi Məktəbinin məzunu Rüstəm Zeynalov qazanıb.
Münsiflər heyətinin sədri Lauri Vyaynmaa bildirib ki, R.Zeynalov yaxşı peşəkar bazaya və böyük istedada malikdir. Onun təkrarolunmaz lirik-dramatik ifa tərzi vardır. Düşünürəm ki, o, gələcəkdə ciddi pianoçu olacaq.
Azərbaycanın digər nümayəndəsi Nərmin Nəcəfli öz yaş qrupunda birinci mükafata layiq görülüb.
Fevralın 5-də Tallindəki “Estoniya” Dövlət Konsert Salonunda qaliblərin konserti olub. Konsertdə Estoniyanın birinci xanımı Evelina İlves, parlament sədrinin müavini, deputatlar, hökumət üzvləri, ictimaiyyətin və Azərbaycan diasporunun üzvləri, habelə diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak etmişlər. Konsert yerli telekanal və internet vasitəsilə yayımlanıb.
Həmin gün “Vana-Viru” hotelində azərbaycanlı qaliblər Rüstəm Zeynalov və Nərmin Nəcəflinin şərəfinə gecə təşkil olunub. Gecədə Azərbaycan icmasının üzvləri, Estoniya ictimaiyyətinin nümayəndələri, ölkəmizin Estoniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Parlamentin deputatı E.Əfəndiyev tədbirin əvvəlində çıxış edərək bildirib ki, qaliblər Prezident təqaüdçüləridirlər, onların adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Konsertdə Azərbaycan və əcnəbi bəstəkarların əsərləri səslənib.