Əslində bunu kiməsə təlqin etmək, hər an xatırlatmaq lazım deyil. Çünki vətənpərvərlik bütün hisslərimizdən ən yüksəkdə durmalıdır. Məgər ana-atamızı, övladımızı, yaxınlarımızı sevmək barədə bizə təlim-tədris, təbliğat-təşviqat lazımdır?
   
   Yox. Çünki bu, insan olaraq şüura malik hər kəsin daxili aləmi, duyğu, vicdan, sədaqət tərəzisinin mizanıdır. Bu öz yerində. Digər tərəfdən vətən, ona sevgi və bağlılıq ruhumuza, mənəvi dünyamıza hakim kəsilməlidir. Bunun da ən estetik, qalıcı, mən deyərdim ki, birbaşa yolu təbliğatdır. Bu, hazırkı durumda bizə, azərbaycanlılara xüsusilə vacibdir. Çünki torpaqlarımızın bir hissəsi yağı tapdağında, bir xeyli insanımız yurdundan didərgin, qaçqın, məcburi köçkün vəziyyətində, cəmiyyətimiz vətən, xalq dərdi yükündədir. Deməli, vətən və vətənpərvərlik anlayışlarının mənəvi aspektlərdə təlqini bu gün bizə hava, su kimi gərəkdir. Bu xüsusda ruhun əzəli və əbədi laylası olan musiqinin yeri bir ayrıdır.
   İncəsənətin bu əsrarəngiz sahəsi intellektindən, dünyagörüşü, zövqündən asılı olmayaraq hər kəsin beyninə hakim olmaq iqtidarındadır. Bəs bu gün bu güclü mənəvi silahın «yarım getdi, gözüm doldu, «həsrət boğdu», «getmə gözümdən, gedərəm özümdən» timsallı eşq-məşq musiqisi fonunda «vətən», «millət», «qalx ayağa, qisas al», «marş irəli, Azərbaycan əsgəri» çağırışları necə səslənir? Allı-güllü efirlərdən, şirin dilli ifaçılardan, peşəkarlıq və qeyri-peşəkarlıq qovğasındakı bəstəkarlardan və incəsənət rəsmilərindən fikir öyrənməklə mövcud mənzərəni təsvir etmək istədik.
   
   Daha çox
   vətənpərvər olanlar
   
   Azərbaycanda kütləvi mahnı janrının ilk nümunələrini yaradan Üzeyir Hacıbəylinin yaradıcılığında vətənpərvərlik mövzusu da bir xətt olaraq keçib. Bəstəkar həmin mahnılarında müəyyən tarixi hadisələrə də öz münasibətini bildirməyə çalışıb. Təsadüfi deyil ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə «Milli marş», «Azərbaycan marşı», «Çırpınırdı Qara dəniz» kimi vətənpərvərlik ruhunda himn xarakterli mahnılar yaranmışdır. Bunlardan «Milli marş»ın sözləri Ü. Hacıbəylinin özünə, «Azərbaycan marşı» və «Çırpınırdın Qara dəniz» mahnısının sözləri Əhməd Cavada məxsusdur.
   Bu əsərlər uzun müddət itirilmiş hesab olunurdu. Lakin onlar Türkiyədə məşhurlaşmış və nəşr olunmuşdur. Yalnız 1980-ci illərdə Üzeyir Hacıbəylinin ev-muzeyinin əməkdaşları tərəfindən tapılıb bərpa edilmiş və Azərbaycanda səsləndirilmişdir. Dahi bəstəkarın «Azərbaycan marşı» 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul olunmuşdur.
   Ümumilikdə vətənpərvərlik mövzusu professional musiqimizin, bəstəkarlıq məktəbimizin əksər görkəmli simalarının yaradıcılığında özünü tapıb. Bu mənada Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Rauf Hacıyev, Oqtay Kazımov, Emin Sabitoğlu, Telman Hacıyev, Adil Bəbirov, Cavanşir Quliyev və başqalarının adlarını çəkə bilərik.
   Bəs indi?
   
   Bax, bu sualın bir çox səbəbi və uzun-uzadı izahı var. Kimiləri bu mövzuda mahnının sifariş olunmadığını, bir başqaları sandıq üçün yox, dinlənilən, populyar olan mahnılar yazmaq istədiklərini, bir çoxu isə sırf vətənpərvərlik mövzusunda mahnı müsabiqələrinin keçirilməsini vacib saydı. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin musiqi sektorunun müdiri Sevda Məlikova son illər bəstəkarların bu mövzuya az maraq göstərdiklərini, ideyanı daha çox irihəcmli musiqi əsərlərində əks etdirmək istədiklərini vurğuladı. O, son olaraq bəstəkar Ramiz Mirişlinin bu mövzuya aid iki əsərini qəbul etdiklərini da diqqətə çatdırdı.
   Sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov isə bu problemin həllini bəstəkarlar arasında müsabiqənin keçirilməsində görür: «Bu mövzuda irihəcmli musiqi əsərlərimiz var. Sırf mahnı yaradıcılığında isə müəyyən problem var. Vətənpərvərlik mövzusunda mahnı yaz demək və bu işə kimisə təhkim etmək sanki ona vətəni sev demək kimi bir şeydir. Düşünürəm ki, bu hər bir bəstəkarın, ifaçının içindən gəlməlidir, hər bir şair vətəni, onun insanlarının döyüşkənlik, əzmkarlıq ruhunu duyaraq elə gözəl şeir nümunələri yaratmalıdır ki, bəstəkar istər-istəməz onu musiqi dilində çatdırsın, ifaçı oxusun. Burada problem kompleks şəkildə həll olunmalıdır. Təkcə mahnı yazmaq şərt deyil. Gərək, ümumilikdə insanlarda hərbi vətənpərvərlik ruhunu aşılamaq üçün müəyyən müsabiqələr keçirilsin. Bəstəkar da işinin həm maddi, həm də mənəvi cəhətdən qiymətləndirildiyini görüb işləsin, daha çox yazsın. Digər tərəfdən, hər bir bəstəkar istəyir ki, onun əsərləri ifa ömrü yaşasın. Təəssüf ki, radio-televiziya efirində bu mövzulu mahnılara az rast gəlirik. Yalnız müəyyən tarixi günlərdə, rəsmi bayramlarda o mahnılara yer verirlər”.
   
   Sən demə,
   hamı “yar” deyir
   
   Bəstəkarın sözündə həqiqət var. Bu gün istər televiziya və radio dalğalarında, istərsə də əksər konsertlərdə (təbii dövlət tədbirləri, müvafiq tarixi günlərlə bağlı konsertləri çıxmaq şərtilə) vətənpərvərlik ruhunda mahnılar az-az səslənir. Belə olduqda bəstəkarlar, müğənnilər də bu mövzuda mahnılara böyük maraq göstərmirlər. Təbii ki, əsas səbəb isə bu mahnıların müğənnilərə gəlir gətirməməsi, vətəndən, millətdən, xalqdan oxuyan və repertuarını əsasən bu mövzulu əsərlərlə zəngin edən müğənninin toylara-məclislərə az dəvət olunmasıdır.
   Repertuarında 100-dən artıq hərbi vətənpərvərlik mövzusunda mahnı olan Xalq artisti Mübariz Tağıyev də bu fikirdədir. Sənətçi hesab edir ki, belə musiqilər yazılsa da, proses mütəmadi xarakter daşımır: “Biz müharibə şəraitində yaşayırıq, hərbi vətənpərvərlik ruhda mahnılarımız davamlı şəkildə yazılmalıdır. Amma bizdə bir müddət silsilə mahnılar bəstələnir, sonra uzun zaman fasilə yaranır. Buna görə də bu sahədə boşluq hiss olunur. Digər tərəfdən, indi yazılan hərbi-vətənpərvərlik ruhlu mahnılar bugünkü dövrün nəbzini tutmalıdır, tarixlə yanaşı, bu günün qəhrəmanlarına da həsr olunmalıdır».
   Müğənni keyfiyyət və janr məsələsinə də toxundu. Onun sözlərinə görə, hərbi-vətənpərvərlik ruhunda mahnılarda vəhdət olmalıdır: musiqi, aranjiman, mətn, ifa bir-birini tamamlamalıdır: “Bir də görürsən mahnı, ifa, aranjiman mükəmməldir, mətn isə bayağıdır, yaxud da əksinə. Janra gəlincə, hərbi-vətənpərvərlik ruhlu mahnıların marş, ballada, yaxud digər janrlarda bəstələnməsi mütləq deyil. Belə mahnıları gənclərin qavradığı, bəyəndiyi və qəbul etdiyi müasir musiqi janrlarında da bəstələmək olar”.
   Vətənpərvərlik ruhlu mahnıların tanınmış ifaçısı, Əməkdar artist Azərinin fikrincə, bu mövzuda mahnı, şeir, ifa hər hansı sifariş və ya tələblə yox, ürəklə, istəklə yazılmalıdır: «Mən düşünmürəm ki, bunun üçün mənə kimsə göstəriş verməlidir. Bu hər bir vətəndaşın, xüsusən də incəsənət sahəsində olan insanların mənəvi borcudur. Bu mövzu mənim üçün bir ifaçı və insan olaraq hər zaman gündəmdədir, hər zaman aktualdır. Vətənpərvərlik mahnıları ifaçı kimi yaradıcılığımın ana xəttini təşkil edir. Hazırda da yeni bir mahnı üzərində işləyirəm. Bu, millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış «Qarabağ» mahnısıdır. Xocalı soyqırımının 20 illiyi ilə bağlı hazırlanan mahnını yaxın vaxtlarda təqdim edəcəyik. Adətən bu mövzuda mahnıları özüm seçirəm, səsimə, ifa texnikama uyğun yazan bəstəkarların əsərlərini oxumağa çalışıram. Ümumilikdə vətənpərvərlik təkcə incəsənət sahəsində yox, bütünlükdə insanlarımızın, vətəndaşlarımızın ruhunda, canında, qanında olmalıdır».
   
   Həmidə Nizamiqızı