Azərbaycan xalq musiqisinin bədnam qonşularımız tərəfindən mənimsənilməsi cəhdləri, təəssüf ki, son illər acı gerçəklik halını almaqdadır. Xalq mahnılarımızın, rəqslərimizin, digər musiqi nümunələrimizin mənimsənilməsi haqda mediada ara-sıra yeni faktlar yer alır.
   
   Deyilənlər həmçinin bəstəkarlarımızın əsərlərinə də aiddir. Bu baxımdan ən “başıbəlalı” janr - mahnı janrıdır. İstər xalq, istərsə də bəstəkar mahnılarımız düşmənlərimiz tərəfindən mənimsənilərək tez bir zamanda “erməni xalq mahnısı” adı altında yayılır. Təəssüflər olsun ki, bu prosesin qarşısının alınması hələlik mümkün olmamışdır.
   Xalq musiqi nümunələri bu baxımdan daha həssas vəziyyətdədir. Onların Azərbaycan xalqına məxsusluğuna baxmayaraq, digər etnosların nümayəndələri tərəfindən bir çox hallarda özünküləşdirilir. Bu sırada ilk adı çəkilməli olan, sözsüz ki, “Sarı gəlin” mahnısıdır. Bu mahnının ermənilər tərəfindən illər boyu, hətta ona nisbətən uyğun mətnlə ifa olunması, müxtəlif instrumental versiyalarda geniş yayılması artıq faktdır. Bu barədə çox danışılıb və yazılıb. Məqsədimiz heç də hamıya məlum həqiqətlərin təkrarından ibarət deyil. Musiqi nümunəsinin, xüsusilə də mahnının hansı xalq tərəfindən yaradılmasını təyin etmək üçün onun melodiyasının quruluş xüsusiyyətlərini, mətn ilə musiqinin uyğunluğunu təhlil edərək təyin etmək mümkündür. Bu yazıda “Sarı gəlin” xalq mahnısının yuxarıda göstərilən məziyyətləri araşdırılacaq.
   İlk növbədə mahnının poetik əsasına nəzər salaq. Mahnının mətni iki bayatı bəndindən ibarətdir. Bir sıra tədqiqatçılar, o cümlədən “Azərbaycanın musiqi miniatürləri” (Bakı, 1990) monoqrafiyasının müəllifi Əfruz Məmmədovanın qeyd etdiyi kimi, bayatı şeir forması xalq mahnılarının mətn əsası kimi çox geniş yayılmışdır. Nəzərdən keçirilən mahnı nümunəsində bayatı misraları təkrar olunan “Sarı gəlin” müraciəti ilə növbələşir. İki kupletli nəqarətsiz formada olan mahnının mətni aşağıda təqdim olunur:
   
   Saçın ucun hörməzlər,
   Gülü sulu dərməzlər,
   Sarı gəlin.
   Bu sevda nə sevdadır,
   Səni mənə verməzlər,
   Neynim, aman, aman,
   Neynim, aman, aman,
   Sarı gəlin.
   
   Bu dərənin uzunu,
   Çoban qaytar quzunu,
   Quzunu.
   Nə ola bir gün görəm
   Nazlı yarın üzünü,
   Neynim, aman, aman,
   Neynim, aman, aman,
   Sarı gəlin.
   
   Mətnə nəzər saldıqda, ilk növbədə mahnının adını da müəyyən etmiş “Sarı gəlin” müraciəti diqqəti cəlb edir. Bir çox xalq mahnılarımızda şeir misralarının arasında analoji müraciətlərlə, əlavə sözlərlə rastlaşırıq. “Laçın”, “Qaragilə”, “Sona bülbüllər”, “Sarı bülbül”, “Leylacan” və digərləri buna parlaq nümunə ola bilər. Xalq musiqimizin məşhur tədqiqatçılarından biri olmuş M.S.İsmayılov mahnılarımızda əlavə sözlərin istifadə olunması ilə baglı yazırdı: “Xüsusən muğam və şikəstələrdə olduğu kimi, Azərbaycan mahnılarının mətnində də “ay”, “hey”, “aman”, “balam”, “balam ey”, “nənəm də qurban” və s. kimi əlavə sözlərin işlədilməsinə təsadüf edirik. Qeyd etmək lazımdır ki, mahnıların daxili inkişafında bu sözlərin böyük əhəmiyyəti olmaqla bərabər, onların orta hissəsində və yaxud sonunda tamamlayıcı xarakter daşıyan melodik ifadələr - kadanslar da həmin sözlər vasitəsilə əmələ gəlir” (M.S.İsmayılov. “Azərbaycan xalq musiqisinin janrları”. Bakı, 1984, s. 31).
   İndi də mahnının melodik quruluşuna nəzər salaq. “Şur” ladına əsaslanan melodiya sadəliyi, eyni zamanda ifadəliyi ilə diqqəti cəlb edir. Bir melodik cümlənin işlənməsi üzərində qurulmuş melodiya kvinta sıçrayışı ilə başlayır. Mahnıların əvvəlində kvarta və ya kvinta sıçrayışları hallarına milli xalq musiqi yaradıcılığında tez-tez rast gəlmək olar. Bu sırada “Hüsnü bağında”, “Laçın”, “Girdim yarın bağçısına”, “Sevgili yar”, “Ay uca dağların başında”, “Səndən mənə yar olmaz”, “Ahu kimi” və bir çox başqa mahnılar qeyd olunmalıdır.
   Bu, mahnının lad quruluşuna da tam uyğundur. Dahi bəstəkarımız Ü.Hacıbəyli fundamental “Azərbaycan xalq musiqisinin əsasları” əsərində “Şur” ladının tonika-mayə pərdəsindən yuxarı medianta, kvarta və kvinta sıçrayışlarının səciyyəvi olduğunu göstərmişdir. Onun kitabında “Şur” ladında yazılmış melodiyalara bir nümunə kimi göstərdiyi melodiya da məhz xarakterik kvarta sıçrayışı ilə başlayır (Ü.Hacıbəyov. “Azərbaycan xalq musiqisinin əsasları”. Bakı, 1985).
   Digər tərəfdən, həmin sıçrayış yenə də xalq və bütövlükdə şifahi ənənəli musiqimiz üçün səciyyəvi olan aşağı hərəkətli sekvensiya vasitəsilə “doldurulur” və mahnı tonika-mayə pərdəsində tamamlanır. Oxşar halları Ü.Hacıbəylinin yuxarıda haqqında danışılan “Şur” ladında yazdığı melodiyada, habelə bir sıra xalq mahnılarında müşahidə etmək olar.
   Beləliklə, qeyd olunanlar “Sarı gəlin” xalq mahnısının, başqa millətin nümayəndələrinin nə söyləməsindən asılı olmayaraq, mətninin quruluşuna, məzmununa, melodiyasının lad yönümünə və inkişaf prinsiplərinə uyğun olaraq Azərbaycan xalq mahnı yaradıcılığının parlaq nümunəsi olduğunu sübut edir. Mahnının təhlili zamanı heç bir fakt bunun belə olmadığından xəbər verməmişdir.
   Təqdirəlayiq haldır ki, mahnının gələcəkdə hansı xalqın intellektual mülkiyyəti olması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Digər xalq yaradıcılığı nümunələri kimi, “Sarı gəlin” xalq mahnısı da Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinə daxil edilmişdir. Ümid edirik ki, bu qərar mahnının sonrakı taleyinə müsbət təsir göstərərək, onun geniş dinləyici və tamaşaçı kütlələrinə həmişə yalnız Azərbaycan xalq mahnısı kimi təqdim olunmasına səbəb olacaqdır.
   
   Ceyran Mahmudova,
   sənətşünaslıq namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru