Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə fevralın 1-də başlayan “Gəncliyin səsi” festivalı yekunlaşmaq üzrədir. 
   “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi məqsədilə keçirilən festival 2 Fevral - Gənclər Gününə həsr olunub. Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində “Gəncliyin səsi” festivalı çərçivəsində gənc vokalçıların konserti keçirilib.
   Konsertdə gənc vokalçılardan Aqşin Abdullayev, Ülviyyə Hüseynova, Azər Rzazadə, Afaq Abbasova, Sevda Quliyeva, Leyla Dadaşova, Süleyman Süleymanov, Aynur İsgəndərli, Dilarə Əliyeva, Kazım Fəxri Nicat çıxış ediblər.
   Tədbirdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.
   Fevralın 7-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında festivalın daha bir musiqi tədbiri - “Con Tempo” ansamblının konserti olub. Fəxrəddin Atayevin dirijorluq etdiyi konsertdə gənc bəstəkarlardan Firudin Allahverdi, Ayaz Qəmbərli, Tahir İbişov, Said Qəni, Türkər Qasımzadə, Fərid Nağızadə, Azər Hacıəsgərli və Pərviz Bərzegarın əsərləri təqdim olunub. Kollektivin bədii rəhbəri Nizami Zeynalovdur.
   Fevralın 10-da Beynəlxalq Muğam Mərkəzində Elnarə Kərimovanın rəhbərliyi ilə “Buta” gənclər xorunun konserti olacaq.
   Fevralın 11-də Azərbaycan Dövlət Filarmoniyasında “Gəncliyin səsi” festivalı çərçivəsində gənc bəstəkarların əsərlərindən ibarət konsert keçirəcək. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Nərminə Zeynalova, Günay Mirzəyeva və Məhəmməd Ənsarinin əsərləri səsləndiriləcək. Orkestrin dirijoru Fuad İbrahimovdur.
   Festivala fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində gənc muğam ifaçılarının geniş konsert proqramı ilə yekun vurulacaq. Konsertdə Orxan Hüseynov, Türkay Məlikova, Tuqay İsmayılov, Fərhad Allahverdiyev, Niyaməddin Babayev, Malik Həsənov və başqaları muğamlarımızdan parçalar ifa edəcəklər. Bu, gənc xanəndələrin böyük səhnədə ilk çıxışı olacaq.