Aprelin 27-28-də Bakıda müsəlman ölkələrinin gənc klassik musiqi ifaçılarının (20 yaşınadək) müsabiqə-festivalı keçiriləcək. “Kainat” Gənclik Mərkəzinin Mədəniyyət və Turizm, Gənclər və İdman, Xarici İşlər nazirliklərinin dəstəyi, ISESCO-nun yardımı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə təşkil etdiyi tədbir Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kapelhaus) gerçəkləşəcək.
   Müsabiqədə Azərbaycanın gənc istedadları ilə yanaşı, Tatarıstan (Rusiya Federasiyası), Türkiyə, Qazaxıstan, Özbəkistan, Misir, Mərakeş və Küveytdən ifaçıların iştirak edəcəyi gözlənilir.
   Ölkəmizi müsabiqə-festivalda təmsil edəcək gənc ifaçıların seçiminə fevralın 15-dən ayrı-ayrı musiqi tədris ocaqlarında daxili turların keçirilməsi ilə start veriləcək. Bu seçimlərin nəticəsi olaraq hər iki yaş qrupundan (15 yaşadək və 15 yaşdan 20 yaşadək) müvafiq olaraq 4 və 6 gənc istedad növbəti mərhələyə keçərək finala çıxmaq uğrunda yarışacaq.
   Azərbaycan gəncliyinin beynəlxalq əlaqələrinin inkişafına xidmət edən layihəyə qatılacaq gənc istedadlar beynəlmiləl tərkibli münsiflər heyəti qarşısında istedad və bacarıqlarını nümayiş etdirəcəklər. Münsiflər heyətinə Bakı Musiqi Akademiyasının prorektoru, professor, pianoçu-bəstəkar, Əməkdar artist Yeganə Axundova rəhbərlik edəcək.