“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcək
   
   Bu il mayda Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcək.
   Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün fevralın 12-də Heydər Əliyev Sarayında 5 namizəd arasında milli final yarışması keçirilib. Seçim turunun son konsertində finalçı məlum olub. “Eurovision-2012”də Azərbaycanı təmsil etmək uğrunda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə aparıb.
   İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, xalq artistləri Rauf Babayev, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Faiq Sücəddinov, musiqişünas Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun müdiri Mənzərxanım Nurəliyevanın təmsil olunduqları münsiflər heyətinin qərarı ilə Səbinə Babayeva milli seçim turunun qalibi elan olunub.
   Qeyd edək ki, milli seçim turunda 70 nəfərdən artıq gənc musiqiçinin ifası dinlənilib, onlardan 5-i milli müsabiqənin finalına vəsiqə qazanıb.
   “Baku Crystall Hall”da təşkil ediləcək “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinalları mayın 22-si və 24-də keçiriləcək. Birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaq. Müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.