Milli musiqi xəzinəmizə böyük töhfələr verən bənzərsiz sənətkarlarımız çox olub. Əməkdar artist İslam Abdullayev belə sənətkarlardan olub...
   
   İslam Əbdül oğlu Abdullayev 1876-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini şəhər məktəbində alıb. Hələ məktəbli ikən onda musiqiyə həvəs yaranır. Bunu atası Əbdül kişi də hiss edir. Ancaq oğluna müəllim tutub musiqi təhsili vermək imkanı olmur. Lakin bir təsadüf İslamı musiqi aləminə gətirir. Sonralar İslam Abdullayev həmin hadisəni belə xatırlayır: “Sərin yaz günü idi. Atam evimizi təmir etdirirdi. Ustalar böyük, sal bir daşı ikinci mərtəbəyə qaldırıb pilləkənin başına qoymalı idilər. Üç usta, atam və mən çox çalışdıq, ancaq daşı yerindən qaldıra bilmədik. Vəziyyəti belə görən atam ustalardan birinə dedi:
   - Gəlin, bir qədər yorğunluğunuzu alın, sonra görək nə olur! Ustalar tut ağacının kölgəsində oturub çay içir, dincəlirdilər. Bu zaman atam məni çağırıb dedi:
   - Bala, sən də bizim üçün bir-iki “ağız de”. Mən də pilləkəndə oturub “Qarabağ şikəstəsi” oxudum. Bir də nə görsəm yaxşıdır: darvazamızın ağzı adamla doludur. Camaatı görəndə utanaraq evə qaçdım. Həyətə yığışanlar atamdan xahiş etdilər ki, mən bir də oxuyum. Atam əlacsız qalıb dedi:
   - Xahişinizi yerinə yetirərəm, bu şərtlə ki, bu daşı pilləkənin başına qaldırasınız. Gənclər qollarını çırmayıb, ustaların köməyi ilə daşı lazım olan yerə qoydular. Atam məni yanına çağırıb mehribanlıqla dedi:
   - İslam, çıx daşın üstə, camaat üçün bir şey oxu. O zaman təzəcə öyrəndiyim “Qarabağda bir dənəsən” mahnısını oxudum. Mahnını bitirəndə hamı məni alqışladı. Bir qoca kişi atama yaxınlaşıb dedi:
   - Ay Əbdül, elə hey deyirsən kasıbam. Bundan da artıq var-dövlət istəyirsən?
   Gənc İslamın məlahətli səsindən xəbər tutan şair, musiqişünas Mir Möhsün Nəvvab onu “Xanəndələr məclisi”nə dəvət edir. Burada o, dövrün məşhur xanəndələri olan Hacı Hüsüdən “Segah”, Məşədi İsidən “Mahur”, Keştazlı Həşimdən “Bayatı-Qacar”, Mirzə Muxtardan “Rast” və s. muğamları öyrənir. Bu muğamlar içərisində onu daha çox cəlb edən “Segah” olur. “Rəhmətlik Sadıq tarını sinəsinə alan kimi mənim üçün “Segah” çalardı. Usta Hacı Hüsü isə bu muğama yeni-yeni guşələr, xallar əlavə edər və məndən onları təkrar etməyi tələb edərdi”, - deyə sonralar İslam Abdullayev xatırlayardı.
   Onun ilk müstəqil çıxışı görkəmli tarzən Sadıqcanın oğlu Əsədullanın toyunda olur. Həmin gecə İslam “Segah” oxuyur. Yanıqlı səslə, lirik tonda oxuduğu “Segah” alqışlarla qarşılanır. Bu çıxışından sonra şöhrəti artır. Tez-tez Qarabağ, Gəncə, Şəki mahallarının el şənliklərinə dəvət olunur.
   Çox çəkmir ki, İslamın səsi İran məclislərindən gəlir. İranın Rəşt şəhərində olarkən Tehran xanəndələri Rübabə xanım, Sidqiyyə xanım və Qəmər Mülük xanım ilə tanış olur. Orada tarzən Məşədi Zeynalın müşayiəti ilə oxuduğu “Segah” dinləyiciləri heyran edir. İran sənətkarları İslamın yanıqlı səsinə və zəngin yaradıcılığına yüksək qiymət verir, ona heyran olduqlarını bildirirlər.
   XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində “Segah” muğamını İslam Abdullayev kimi mükəmməl və incə zövqlə oxuyan ikinci xanəndə olmayıb. Görkəmli xanəndə Seyid Şuşinski xatirələrində yazıb: “ İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən “Segah” oxumazdıq”.
   Məhz buna görə də xalq onu “Segah İslam” adlandırıb.
   İslam Abdullayevin ifaçılıq qabiliyyətinə yüksək qiymət verən görkəmli sənətkarlardan biri də Bülbül olub. O, yazıb: “İslam fars qəzəli oxumazdı. O, Azərbaycan şairlərindən, xüsusilə Füzulinin və Zakirin qəzəllərini oxuyardı. “Segah”ı o qədər gözəl oxuyardı ki, ona qulaq asdıqca adamın ürəyi titrəyirdi...”.
   İslamın “Segah”ı dövrün gənc xanəndələri üçün məktəb olub. Təsadüfi deyildir ki, o zaman gənc xanəndələrdən Əsgər Qurbanov, Cəmil Məmmədov, Bülbül, Xan Şuşinski, sonralar isə Zülfü Adıgözəlov, Həşim Kələntərli, Sürəyya Qacar və başqaları “Segah” oxuyarkən məhz İslam Abdullayevi təqlid ediblər.
   İslam Abdullayev xeyli vaxt məşhur tarzənlərdən Məşədi Zeynal, Məşədi Cəmil Əmirovla, sonralar isə Şirin Axundovla birlikdə çalıb-oxuyur. 1910-1915-ci illərdə “Sport-Rekord” və “Ekstrafon”, “Primer-Rekord” aksioner cəmiyyətlərinin dəvəti ilə səsini qrammofon valına yazdırır. O, “Yetim Segah”, “Bayatı-Kürd”, “Kürdü-Şahnaz”, “Bayatı-Qacar”, “Şüçtər ”, “Mahur-hindi”, “Şikəsteyi-fars”, “Çalpapaq”, “Səttarxan”, “Süsən sünbül”, “Axşam oldu” və sair muğam, təsnif və el mahnılarını son dərəcə orijinal, lirik tonla oxumuşdur...
   Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İslam Abdullayev tez-tez rayonlarda olur və əhali qarşısında konsertlər verir. Eyni zamanda Şuşa və Ağdam musiqi məktəblərində muğamatdan dərs deyir. Gənc müğənnilərin yetişməsinə böyük qayğı göstərir. Onun yetirmələrindən Xan Şuşinski, Qənbər Zülalov, Sahib Şükürov, İldırım Həsənov, Yaqub Məmmədov və başqalarının adları bu gün də iftixarla çəkilir.
   İstedadlı sənətkar 1964-cü ildə 88 yaşında Bakıda vəfat edib.
   
   Savalan Fərəcov