Fevralın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, dövlət mükafatları laureatı Niyazinin anadan olmasının 100 illiyi ilə bağlı Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin konserti təşkil edildi. Konsertdən öncə maestro Niyazinin həyat və yaradıcılığını əks etdirən video kadrlar göstərildi. Burada həmçinin ev-muzeyindən eksponatlar və maestronun konsert proqramlarını əks etdirən afişalar da əks olunmuşdu.
   Tədbiri Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru, Əməkdar müəllim Natiq Vəliyev açaraq böyük musiqiçinin yaradıcılığından söz açdı: “Elə insanlar var ki, dünyalarını dəyişdikdən sonra da əsrlərlə xalqın yaddaşında yaşayırlar. Belə şəxsiyyətlərdən biri də dahi maestro Niyazi idi. Niyazinin geniş yaradıcılığı, zəngin repertuarı olub. O, Avropada böyük konsertlərlə çıxış edərək Azərbaycan musiqisinin təbliğatı ilə məşğul olurdu”.
   N.Vəliyev maestronun zəngin bəstəkarlıq fəaliyyəti haqqında da söz açdı.
   Direktor maestronun yubileyi ilə əlaqədar 22 saylı musiqi məktəbinin də bir sıra tədbirlər hazırlayaraq həyata keçirdiyini bildirdi.
   Sonra konsert proqramı təqdim olundu. Əməkdar mədəniyyət işçisi Səbuhi Məmmədovun rəhbərlik etdiyi Bakı şəhər musiqi və incəsənət məktəbləri şagirdlərinin birləşmiş skripkaçılar ansamblı Fəridə Quliyevanın konsertmeysterliyi ilə A.Məlikovun «Pyes», D.Şostakoviçin «Poema» əsərlərini, 17 saylı ÜMM-in müəllimi Sevda Bəxtiyarova «Qara gilə» xalq mahnısını, Ə.Bədəlbəyli adına 23 saylı ÜMM-in müəllimləri Adilə İbrahimli, Səbinə Orucova fortepianoda Niyazinin «Xoreoqrafik vals»ını təqdim etdilər. Niyazi adına 22 saylı ÜMM-in müəllimləri Kamal Abdullayevin (balaban) ifasında Pikə Axundovanın «Qəlbimin səsi», Aynur Qasımovanın (kanon) ifasında D.Dadaşovun «Skertso»su və musiqi nömrələri maraqla qarşılandı.
   
   Lalə Azəri