Qazaxıstandan gələn Nargilə Mehdiyeva Bakıda vokal dərsi alır
   
   “Bakını görmək, xəyallarımın ünvanı olan bu şəhərlə yaxından tanış olmaq həyatda çox böyük istəyim idi. Gəldim, gördüm və sevdim. Azərbaycan musiqisini dünyada heç bir xalqın musiqisi ilə müqayisə edə bilmərəm. Bu musiqini sevməmək mümkün deyil”.
   
   Bu sözlərin müəllifi Azərbaycan musiqi sənətinin sirlərini öyrənmək arzusu ilə Qazaxıstandan Bakıya gələn soydaşımız Nargilə Mehdiyevadır. Bakıda bəstəkar Sevinc Qasımovanın qonağı olan Nargilənin geniş vokal imkanları mütəxəssislərin də diqqətini cəlb edib.
   Sevinc Qasımova deyir ki, Nargilənin səsini təsadüfən, Rusiyanın Nijni-Novqorod şəhərində azərbaycanlıların musiqi cəmiyyətində olarkən eşidib və dərhal bu səsin sahibi ilə tanış olmaq istəyib: “Sonra həmin cəmiyyətin köməyi sayəsində Nargilə ilə əlaqə saxlayıb onu Bakıya dəvət etdim. Burada onu Qasim Xəlilovla tanış etdim. Qasim müəllim Nargilənin səs tembrini bəyəndi və ona dərslər verməyə başladı”.
   22 yaşlı Nargilə Mehdiyeva Astanada yaşayır, əslən azərbaycanlıdır. Ötən il Astanada Humanitar Hüquq Universitetinin beynəlxalq turizm fakültəsini fərqlənmə diplomu ilə bitirib. Turizm sahəsində ixtisaslaşsa da, tələbəliyində vokalla da məşğul olub: “Bizim universitetdə himn ifa etmək ənənəsi var. Himni ifa etməyi mənə və başqa bir tələbə yoldaşıma həvalə etdilər. Sonra fakültəmizdə müxtəlif tədbirlərdə oxumağa başladım. Universitetdə oxuduğum dövrdə çox sayda mükafatlar almışam. Universitetin “Qızıl kitab”ında da imzam var. Bir gün növbəti konsert proqramında Qazaxıstanın məşhur skripkaçısı rektorumuza dedi ki, bu qızın yeri Musiqi Akademiyasıdır, vokalla məşğul olmalıdır. Hər kəs məni təriflədi, məsləhət gördülər ki, incəsənət sahəsində özümü sınayım».
   Nargilə ikinci təhsilini vokal sənəti üzrə Azərbaycanda almaq fikrindədir. Hələlik Bakıda daimi yaşamaq imkanının olmadığını deyən gənc ifaçı, bununla belə, vokal dərslərini davam etdirmək üçün tez-tez Bakıya gələcəyini söyləyir. İfaçı kimi Qazaxıstan şou-biznesinə qatılmaq fikrində olmayan Nargilənin arzusu Azərbaycan musiqisini dünyaya tanıtmaqdır.
   Nargilənin anası Gülnarə Mehdiyeva qızının uşaqlıqdan incəsənətlə maraqlandığını bildirir: “Əvvəlcə peşəkar tennislə də məşğul olurdu, bu sahədə gözəl nəticələr əldə etdi. Sonra model agentliyini bitirdi. Yaradıcı qızdır. Nə ilə məşğul olursa-olsun, həmişə deyirdi ki, oxumaq istəyirəm. Bakıda çox yaxşı müəllimlə tanış olduq. Qasım Xəlilov deyir ki, bu qızın böyük gələcəyi var”.
   
   Fəxriyyə Abdullayeva