Martın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində sənətşünaslıq doktoru, professor Elxan Babayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim olunub. Konsertdən əvvəl Elxan Babayevin həyat və yaradıcılığı haqqında məlumat verilib. Professorun sənət dostları və tələbələri onun Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərindən danışıb, xatirələrini bölüşüblər. Elxan Babayevin qardaşı, Əməkdar jurnalist Aqşin Babayev çıxış edənlərə təşəkkürünü bildirib.Tədbirdə Vəli Budaqov və Anar Məmmədovun (ikisi də klarnetdə) ifalarında V.A.Motsartın, K.M.Veberin və F.Mendelsonun əsərlərindən Elxan Babayevin sevdiyi musiqi parçaları səsləndirilib.