Martın 5-də Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan musiqi və incəsənət məktəblərinin I sinif şagirdlərinin konserti oldu. Konsertin təşkilatçılarından olan Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin direktoru, Yusif Vəliyev tədbirin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunduğunu bildirdi: ”Konsertin özəl cəhətlərindən biri də budur ki, burada I sinif şagirdləri çıxış edirlər. Bu onların səhnəyə ilk addımlarıdır. Bu layihə üç ildir ki, həyata keçirilir. Məqsədimiz musiqi və incəsənət sahəsində hələ yenicə addım atan birincilərə səhnə mədəniyyətini, sərbəst ifa etməyi aşılamaqdır”.
   Konserti açıq elan edən Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin direktoru Rafiq Əzizov səhnəyə ilk addım atan birincilərə uğurlar arzuladı.
   İlk olaraq səhnəyə Saroyev adına 35 saylı musiqi məktəbinin şagirdləri çıxaraq musiqili kompozisiya nümayiş etdirdilər. Konsertdə bütün ixtisaslar (xalq çalğı alətləri, nəfəsli alətlər, rəqs qrupları və s.) əhatə olunmuşdu. Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, milli rəqs və xalq musiqilərindən parçalar yer almışdı. Fidan balaların bir-birindən fərqli ifaları tamaşaçı salonunda böyük alqışlara səbəb oldu.
   
   Lalə Azəri