Martın 3-4-də Belçikanın Namur şəhərində "Bravo" Gənc skripkaçıların V Beynəlxalq müsabiqəsi keçirilib. Q.Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbinin VI sinif şagirdi, Prezident təqaüdçüsü Hüseynova Nərgiz müsabiqədə B kateqoriyası üzrə 2-ci yeri və laureat adını qazanıb. Azərbaycanlı musiqiçi iki mərhələdən ibarət olan müsabiqənin ilk mərhələsində Paqanini-Kapriz № 20, Vyetan-Bülbül, ikinci mərhələdə isə Lalo-İspan simfoniyası (I hissə), F.Əmirovun "Xatirə" və "Məhəbbət rəqsi" əsərlərini ifa edib. Nərgizin müəllimi Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi Hökümə Əliyeva, konsertmeyster isə Milli Konservatoriyanın baş müəllimi Arzu Səfərovadır.