Martın 12-də BBC 3B radiosu gənc Azərbaycan violonçelçisi Camal Əliyevin solo konsertini yayımlayıb. Musiqi tariximizdə ilk dəfə azərbaycanlı violonçel ifaçısı BBC radiosunda orkestrin müşayiəti ilə solo konsertlə çıxış edib.
   Camal Əliyev 1993-cü ildə anadan olub. 6 yaşından musiqi ilə məşğul olur, ilk müəllimi isə babası, Əməkdar artist Qara Əliyev olub. Camalın ulu babası Həmzə Əliyev Azərbaycan tar məktəbinin banilərindən biri olub. Camalın babasının qardaşı isə tanınmış skripkaçı, Xalq artisti, professor Azad Əliyevdir.
   Camal Türkiyənin Bilkənd Universitetində təhsil alıb. Orada ilk günlərdən istedadı ilə seçilən gənc tez-tez konsert proqramları ilə çıxış edib. İlk mükafatını yeniyetmə violonçelçilərin “Trakya University” beynəlxalq müsabiqəsində qazanıb, 2004-cü ildə Zaqrebdə keçirilən Antonio Caniqro adına 5-ci beynəlxalq müsabiqədə məşhur “Assembly Hall” salonunda konsert vermək hüququ əldə edib.
   Sonralar gənc musiqiçi Türkiyə Prezident Simfonik Orkestri, Bilkent Simfonik Orkestri, “Borusan” Beynəlxalq Kamera Orkestrinin müşayiəti ilə konsertlər verib.
   2005-ci ildə Camal Türkiyə Böyük Millət Məclisinin fəxri qonağı adına layiq görülüb. Həmin il Mstislav Rostropoviç onun ifasını dinləyərək yüksək qiymətləndirib.
   2007-ci ildə Camal Moskvada P.Çaykovski adına beynəlxalq müsabiqə çərçivəsində təşkil olunmuş konsertdə çıxış edib. 2008-ci ildə Londondakı Yehudi Menuhin adına məktəbə imtahansız qəbul olub. Məktəb 14 ildə ilk dəfə olaraq musiqiçinin təhsil haqqının ödənilməsini öz üzərinə götürüb. Hazırda Camal bu məktəbdə professor Tomas Karolun sinfində təhsilini uğurla davam etdirir. Məktəbin prezidenti Daniel Barenboym Camal haqqında belə deyib: “Bu oğlan öz ölkəsini mütləq dünyaya tanıdacaq”.
   Qeyd edək ki, Camal Əliyev aprelin 15-də Çində “Beijing” Simfonik Orkestrinin müşayiəti ilə konsert proqramı ilə çıxış edəcək.