ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycan klassik musiqisi gecəsi keçirilib. Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, gecə Bakının Nəsimi rayonu ilə qardaşlaşma münasibətləri qurmuş San Dieqo şəhərinin Svitzet Haylənd rayonunun sakinlərinin və Qrosmont Məktəbinin musiqi fakültəsinin rəhbəri Randal Tvidin təşəbbüsü ilə təşkil olunub.
   Tədbirdə Qrosmont Məktəbinin xoru Azərbaycanın dövlət himnini ifa edib. Sonra təqdim olunan konsert proqramında R.Tvidin dirijorluq etdiyi orkestr dahi Azərbaycan bəstəkarlarının rəngarəng əsərlərindən parçalar səsləndirib. Qara Qarayevin “Yeddi gözəl” əsərindən parçalar, Fikrət Əmirovun “Kürd ovşarı” və “Gülüstan-Bayatı Şiraz” simfonik muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
   Bundan əlavə, muğam üçlüyü dinləyicilərə Azərbaycan xalq mahnılarını təqdim edib. Xüsusilə “Sarı gəlin” xalq mahnısı tamaşaçıların zövqünü oxşayıb.
   Tədbirdə San Dieqonun icması ilə mədəni sahədə əməkdaşlığa görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun əməkdaşlarına minnətdarlıq məktubu təqdim edilib.