Bakıda «Belkanto» opera studiyası açılacaq
   
   XX əsrin böyük tenoru, dünya opera sənətinin ulduzu Franko Korellinin adı Azərbaycanda da əbədiləşəcək. Dünya şöhrətli sənətkarla şəxsən tanış olmaq xoşbəxtliyi nəsib olmuş insanlar sırasında azərbaycanlı Rizvan Sədirxanov da var. Vaxtilə İtaliyada yüksək vokal məktəbi keçmiş R.Sədirxanov indi Bakıda F.Korelli adına «Belkanto» studiyası açmaq qərarına gəlib.
   
   Axundov bağının yaxınlığında tipik «İtalyan sarayı»... F.Korelli adına «Belkanto» studiyası məhz burada öz qapılarını istedadlı vokalçıların üzünə açacaq. Beləliklə, dəfələrlə İtaliyada nüfuzlu vokal müsabiqələrinin qalibi, dramatik tenor R.Sədirxanovun çoxdankı arzusu tezliklə reallaşacaq. Bakıda belə bir studiyanın açılması ideyası onda hələ İtaliyanın Marka əyalətinin Ozimo şəhərindəki Musiqi Akademiyasında vokal sənəti təhsili alarkən yaranmışdı. Bu məktəb Cili, Qyaurova, Pavorotti və digər başqa tanınmış opera müğənnilərinin adları ilə bağlıdır. Rizvan Sədirxanov akademiyanı bitirdikdən sonra müxtəlif ölkələrdən olan 38 məzun arasından seçilərək böyük tenorun ölkəsində, İtaliyanın Rekanti şəhərində Benyamin Cili adına nüfuzlu tenorlar müsabiqəsində iştirak etmək hüququ qazanır. Soydaşımız müsabiqədə mötəbər jürinin qəlbini fəth edir. O, ən yaxşı iştirakçı kimi qəbul edilir və xüsusi mükafata layiq görülür. Mükafatı isə ona Franko Korelli şəxsən təqdim edir. İtaliya müğənniləri opera incəsənətinin “Comolonquma”sı sayılırlar, onun zirvəsində isə Korelli dayanır, ardınca Karuzo, Cili, Pavorotti gəlir. Monte San Vito şəhərində bizim dramatik tenor Franko Korelliyə həsr edilmiş neopolitan “Katari” konsert proqramı ilə çıxış edib. Bu konsertdə böyük maestronun dilindən səslənən “bravo” səsləri Rizvan Sədirxanov üçün ən gözəl mükafat kimi qalacaq. Beləliklə, onlar görüşürlər və taleyin qismətilə soydaşımıza Franko Korellinin ailə üzvləri ilə tanışlıq nəsib olur. Həmin anları əks etdirən fotoşəkillər Rizvan Sədirxanov üçün ən əziz xatirələrdəndir. Metr ona çıxış etdiyi ən populyar operaların nəşrini hədiyyə edir.
   Yeri gəlmişkən, “Belkanto” studiyasının ən görkəmli yerində vaxtilə Cüzeppe Verdinin “Trubadur” operasında çıxış etmiş Franko Korellinin (Manriko obrazında) fotosu asılıb. Qeyd edək ki, dünyanın ən böyük opera səhnələrində (“Metropoliten-opera” - ABŞ, “La Skala” - İtaliya) çıxış etmiş dahi müğənni 2003-cü il oktyabrın 29-da vəfat edib və Milanda dəfn olunub.
   Bütün bunlar barədə Rizvan Sədirxanovun studiyasında təhsil alanlara danışılacaq. Lakin bu bir qədər sonra olacaq. Hələlik o, studiyasının perspektiv planlarından söz açır: “Bu studiyanı açmaqda mənə Franko Korellinin özü xeyir-dua verdi. Lakin bu məktəb xüsusi musiqi təhsili verən təhsil müəssisəsini əvəz etmək məqsədilə yaradılmır. Mənim üçün mühüm olanı istedadlı vokalçıların burada yaxşı məktəb keçmələri, öz fitri istedadlarını inkişaf etdirmələridir. Biz həmçinin öz istedadlı tələbələrimizə İtaliyada təhsil almaqda kömək də edə bilərik”.
   “Belkanto” studiyasında tədrisə gəlincə, burada məşhur müğənnilərin sənət tərcümeyi-halı ilə bağlı zəngin tədris materialları olacaq. Eyni zamanda onların səsi yazılmış gözəl fonetika, klassik operaların hissələrindən kompakt-disklər də yer alacaq. Rizvan Sədirxanov bu barədə belə deyir: “Adi dərslər 60 dəqiqə olacaq. Bunun artıq olmasına ehtiyac yoxdur. Axı klassik musiqi yüksək fiziki əmək deməkdir. Bu baxımdan səsə çox ehtiyatla münasibət bəsləmək və onu çox məharətlə kökləmək lazımdır. Mənim İtaliya, Türkiyə və İsraildə ustad dərslərim olub və mən bunları öz həyat təcrübəmdən bilirəm”.
   “Belkanto” studiyasına tez-tez tanınmış opera müğənniləri gəlir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Əvəz Abdullayev Çexiyadan qastroldan qayıdandan sonra o öz emosiyalarını, təəssüratlarını, gələcək planlarını bölüşmək üçün maestronun yanına gəlir. Və əlbəttə, Franko Korello adına “Belkanto” studiyanın rəsmi açılışının nə zaman olacağını da öyrənmək istəyir.
   Rizvan Sədirxanov isə bu barədə, sadəcə, təvəzökarcasına susur. Bu da təəccüblü deyil. Axı rəsmi açılışa qədər hələ həll edilməyən bir sıra təşkilati məsələlər var. Tezliklə Franko Korello adına “Belkanto” studiyası öz işinə başlayacaq və ola bilsin ki, nə vaxtsa opera səhnəsinə bu studiyanın astanasından daxil olan müğənniləri dinləyəcəyik. Lakin hələlik bizə Rizvan Sədirxanova öz gələcək planlarını həyata keçirməkdə uğurlar arzulamaq qalır.
   
   Mehparə