Böyük musiqiçidən bəhs edən yeni sənədli film çəkilib
   
   Martın 16-da - Vaqif Mustafazadənin doğum günündə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində lentə alınan “Caz əfsanəsi - Vaqif Mustafazadə” sənədli bədii televiziya filmi ilk dəfə Azərbaycan Televiziyasında nümayiş olunacaq.
   
   Azərbaycan caz musiqisinin böyük ustadının həyat və yaradıcılığından bəhs edən yeni ekran əsəri barədə məlumat almaq üçün əvvəlcə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru Yaqub Əlioğluna müraciət etdik:
   - Vaqif Mustafazadəyə həsr olunmuş sənədli-bədii televiziya filminin istehsalı bu günlərdə başa çatıb. Vaqif Mustafazadə Azərbaycan musiqisində, Azərbaycan incəsənətində bir hadisə idi. O, muğamla cazın sintezini yaradaraq Azərbaycan musiqisinə yeni nəfəs, orijinallıq gətirdi. Bu gün inkişaf edən, müasirləşən, yeniləşən Azərbaycan dünyaya özünün dəyərlərini də çatdırır. Dünya Vaqifi tanıyır, ancaq Vaqifin görünməyən tərəflərini yenidən dünyaya tanıtmaq bizim mənəvi borcumuzdur.
   Film Vaqifin doğulduğu məkanda - İçərişəhərdə çəkilib. İçərişəhərin özü bir əfsanədir, nağıldır. Vaqif İşərişəhərdə doğulduğu üçün musiqidə öz nağılını yarada bildi. 33 dəqiqəlik filmdə tamaşaçılar Vaqifin musiqiyə gəlişindən tutmuş, tanınmış cazmen olmasına kimi qısa, yığcam informasiyalarla bərabər, onun indiyədək eşidilməyən melodiyalarını da dinləyəcəklər.
   Filmin ssenari müəllifi tanınmış yazıçı-publisist İntiqam Qasımzadə, quruluşçu-rejissoru Tahirə Hüseynova, quruluşçu-operatoru Zahid Bağırov, rejissoru Hüseyn Hüseynovdur.
   
   Filmin rejissoru Tahirə Hüseynova:
   - “Azərbaycantelefilm”də üç film çəkmişəm: Üzeyir Hacıbəylidən bəhs edən “Əbədi iftixarımız”, “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə” və bir də istehsalı yenicə başa çatmış “Caz əfsanəsi - Vaqif Mustafazadə”.
   Film bədii-sənədli olduğu üçün Vaqifin uşaqlığını, gəncliyini, cavanlığını canlandırmağa çalışmışıq. 8-9 yaşlarında Vaqifin obrazını 6 saylı məktəbin şagirdi Heydər Məmmədov, 19-20 yaşlarını Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Asif Mirzəzadə, Zəka Məmmədov, cavanlığını isə istedadlı musiqiçimiz Şahin Növrəsli canlandırıb. Şahin Növrəsli böyük məmnuniyyətlə təklifimizi qəbul etdi və mən deyərdim ki, bu rolun öhdəsindən uğurla gəldi.
   Filmdə Vaqif Mustafazadənin ifasında Niyazinin, Qara Qarayevin, Tofiq Quliyevin, Səid Rüstəmovun, Ramiz Mirişlinin, Adil Bəbirovun musiqiləri səsləndirilir. Dünya şöhrətli Corc Gerşvinin “Mənim sevdiyim adam” adlı bir musiqisi var. Vaqif bu musiqini çox sevərdi və 9 yaşından başlayaraq ömrünün axırına kimi bu musiqi sanki onu müşayiət eləyirdi. Filmdə bu musiqilərlə yanaşı Luis Armstronqun əsərlərindən və Vaqifin özünün bəstələdiyi musiqilər də səsləndirilib.
   
   Ssenari müəllifi İntiqam Qasımzadə:
   - “Azərbaycantelefilm”dən mənə müraciət edəndə ki, Vaqif Mustafazadə haqqında film çəkmək istəyirlər, bu mənim üçün böyük bir sevinc oldu. Mən Vaqif Mustafazadə yaradıcılığının, sənətinin vurğunuyam. O bizim yaşıdımızdır. Bir şəhərdə böyüyüb boya-başa çatmışıq, mən Vaqiflə şəxsən tanış olmuşam, bir-birimizə hörmətimiz olub. Bu böyük sənətkarın vaxtsız vəfatı həmişə mənim qəlbimi ağrıdıb. Biz Vaqifi çox tez itirdik. Cəmi 39 il yaşadı. Ölümü də qeyri-adi oldu. Daşkənddə konsert verərkən ürəyi ağrıyır, birinci hissədən sonra deyirlər ki, bəlkə konserti dayandırasan, Vaqif görün necə bir sənətkar idi ki, o, konsertinə gəlmiş tamaşaçıların onun dinləmək arzusunu ürəyində qoymur, sonacan konsertində iştirak edir. Konsertdən sonra təcili yardım gəlib onu aparsa da, həyatını xilas etmək mümkün olmadı.
   Biz o zaman bunu bir dost, bir sənətkarın itkisi kimi başa düşürdük, amma illər keçəndən sonra biz baxıb görürük ki, necə böyük bir sənətkarı itirmişik. Vaqifi tanısam da, sənətinə bələd olsam da, onun Azərbaycan musiqisi üçün etdiklərini gözəl bilsəm də, ürəyim sözlə dolu olsa da, belə bir ssenari yazmaq üçün onun həyat yoluna yenidən nəzər salmaq, onun haqqında yazıları oxumaq, musiqisini dinləmək lazım idi. Mən iki ay gecə-gündüz Vaqifin musiqilərini dinlədim və onu özüm üçün yenidən kəşf etdim. Kəşf etdim ki, Vaqif fövqəladə bir sənətçi olub. Vaqif dünyanın ən istedadlı musiqiçisidir və ən böyük sənətkarlarla bir sırada durmağa layiqdir.
   Azərbaycan Televiziyası bu filmi Vaqifin ad gününə hədiyyə etdi. Mən filimi görməmişəm, amma çox səbirsizliklə gözləyirəm ki, o filmi görüm. İnanıram ki, Tahirə xanım yaxşı bir film çəkib. Çünki o mənim qədər, bəlkə də məndən də artıq Vaqif sənətinin, Vaqif musiqisinin heyranlarından biridir.
   
   Təranə Vahid