Azərbaycan təmsilçisi Səbinə Babayeva “Eurovision-2012” mahnı müsabiqəsinin finalında səhnəyə 13-cü çıxacaq
   
   Martın 20-də Bakıda “Eurovision” Mərkəzində Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı püşkatma mərasimi keçirilib.
   
   Püşkatma nəticəsində mayın 22-si və 24-də keçiriləcək yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunacaq 6 ölkənin şouda çıxışlarının ardıcıllığı müəyyən edilib.
   “Eurovision- 2012”də çıxış edən 42 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş mərasimdə Azərbaycan paytaxtının görüntülərindən ibarət xüsusi videoçarx nümayiş olunub. Tədbirdə Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən Novruz bayramı barədə iştirakçılara məlumat verilib.
   “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand Azərbaycanda müsabiqə ilə bağlı görülmüş işləri yüksək qiymətləndirib.
   Sonra müsabiqənin püşkü atılıb. Püşkatmanın nəticəsinə görə, mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı belə sıralanıb: Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San-Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya.
   Mayın 24-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı isə belə olub: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva.
   Mayın 26-da keçiriləcək və Azərbaycanın da çıxış edəcəyi final mərhələsində Böyük Britaniya 1-ci, İtaliya 10-cu, Azərbaycan 13-cü, İspaniya 19-cu, Almaniya 20-ci, Fransa isə 9-cu çıxış edəcək. Finalda yarışacaq digər ölkələr isə yarımfinallarda səsvermə zamanı məlum olacaq. Finala keçən ölkələrin çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.