Martın 28-də Niyazinin mənzil-muzeyində Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlər Şurasının təşkilatçılığı ilə beynəlxalq və respublika laureatları olan musiqi məktəbləri şagirdlərinin konserti oldu. Konsert dünya şöhrətli dirijor, bəstəkar, beynəlxalq və dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, maestro Niyazinin anadan olmasının 100 illiyinə həsr edilmişdi.
   Tədbiri Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru Natiq Vəliyev açaraq, böyük musiqiçinin həyat yolundan və zəngin yaradıcılığından danışdı.
   Mənzil-muzeyin direktoru Rza Bayramov çıxış edərək bildirdi ki, muzey sənətkarın 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb və il ərzində bu plana uyğun olaraq silsilə tədbirlər həyata keçiriləcək.
   Sonra paytaxtımızda fəaliyyət göstərən musiqi məktəblərinin beynəlxalq və respublika müsabiqələrinin laureatları geniş konsert proqramı ilə çıxış etdilər.
   
   Lalə Azəri