Xalq artisti Səfa Qəhrəmanov cəmi 59 il yaşasa da, şaqraq səsi, təkrarsız ifası, yüksək səhnə mədəniyyəti ilə xanəndəlik məktəbinin ən layiqli davamçılarından biri kimi daima xatırlanacaq.
   
   ...O, baharda dünyaya gəlmişdi. Ömrü də bahara bənzəyirdi: rəngli, mənalı, qısa. Eynən bahar kimi. Çünki Allah ondan heç nəyi əsirgəməmişdi, üstəlik, ürəkləri yerindən oynadan qeyri-adi səs vermişdi. Vaxt gələcəkdi ki, bu səs böyük səhnələrin sərhədlərini aşıb musiqi xəzinəmizin nadir səslərindən birinə çevriləcəkdi...
   ...Səfa Qəhrəmanov 1949-cu il martın 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində dünyaya gəlmişdi. Uşaqlıdan musiqiyə olan sonsuz marağı illər sonra da ötüb-keçməmiş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində, festivallarda iştirak etmişdir.
   ...1970-ci ilin payızı...... Bu payız onun həyatının unudulmaz anlarından biri olur və onun gələcək sənət yolunu birdəfəlik müəyyənləşdirir. Yaşıl Teatrda keçirilən “Qızıl payız” muğam festivalı ona uğur gətirir. Səfa Qəhrəmanov ilk dəfə böyük sənətkarlar qarşısında sənət imtahanı verir. Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray gənc Səfanın ifasında “Mənsuriyyə” ritmik muğamına qulaq asırlar. Gənc istedadın çıxışı münsiflər heyəti tərəfindən maraqla qarşılanır və müsabiqə qalibi kimi ilin sonunda filarmoniyada keçirilən yekun konsertə vəsiqə alır. O, sevincdən uçurdu və bu uçuş ömrünün son anlarına kimi onu tərk etmir...
   ... Canlı olaraq televiziyada yayımlanan konsert gəncin həyatında dönüş nöqtəsi olur. Bu çıxışdan sonra Əhməd Bakıxanov Səfa Qəhrəmanovu öz ansamblına dəvət edir. Dövrün ən populyar ansamblı olan bu kollektiv peşəkar musiqiçi tərkibinə, dolğun və səlis səslənməsinə, ən başlıcası isə ritm və ahənginə görə bir vəhdət təşkil edirdi. Əhməd Bakıxanov gənc xanəndənin oxuduğu “Çahargah” muğamına qulaq asandan sonra - “Oğul, səndən feldşer olmaz. Allah səni bu sənət üçün yaradıb, sənin səsin daha çox operaya uyğundur”, - deyir. Səfa hərbi xidmətdən sonra 1974-cü ildə sənədlərini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə verir və qəbul olur. Bu nüfuzlu musiqi məktəbində oxumaq onun üçün o qədər də çətin olmur. Çünki o iki il dövrün tanınmış ustad xanəndəsi, respublikanın Əməkdar artisti Sahib Şükürovdan dərs alaraq muğamın sirlərinə yiyələnmişdir. O, musiqi məktəbində Əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevin muğam sinfində oxuyur. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada “Mirzə Hüseyn segahı”nı ifa edir. O dövrdə filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli gəncin çıxışını bəyənir və onu filarmoniyanın səhnəsində Xalq artisti Hacı Məmmədovun ansamblı ilə çıxış etməyə dəvət edir.
   
   Opera səhnəmizin yeni qəhrəmanı
   
   Vaxt gəlir ki, Əhməd Bakıxanovun sözləri yerini alır. Səfa Qəhrəmanov 1990-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirir. 1992-ci ildən Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti kimi fəaliyyətə başlayır. Həmin il 42 yaşlı Səfa Qəhrəmanov ilk dəfə opera səhnəsində Qəndab Quliyeva ilə “Leyli və Məcnun” operasında çıxış edir.
   Opera və Balet Teatrındakı on altı illik fəaliyyəti ərzində bir sıra milli operalarda - Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun atası, M.Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, V.Adıgözəlovun “Natəvan” operasında xanəndə, Niyazinin “Rast” simfonik muğamı əsasında hazırlanan baletdə xanəndə və neçə-neçə obrazlar yaradır.   

   “Sənət üçün can yandırırdı”
   
   Xalq artisti Canəli Əkbərov Səfa Qəhrəmanovla bağlı xatirələrini bizimlə bölüşür:
   - Mən Səfanı gənc yaşlarından tanıyıram. Onun arzusu idi ki, Opera və Balet Teatrında işləsin. Belə də oldu. Direktor Akif Məlikov onu teatra dəvət etdi. Səfa saf, düzgün, nikbin əhvali-ruhiyyəli bir adam idi. Mənə çox inanırdı. Opera və Balet Teatrına gələndən sonra dedi ki, mən istəyirəm sənin köməkliyinlə burda çox işlər görüm. Səfanı “Leyli və Məcnun”da İbn Səlam, Məcnun və Məcnunun atası rollarına hazırladıq. Elə olurdu ki, Səfa ailəsi ilə bizə gəlirdi, mən tar çalırdım, birlikdə məşq edirdik. Əl-ələ verib yaxşı nəticələr də əldə etdik. Səfa üç obrazın üçünü də özünəməxsusluqla oynadı. Sonra Səfa “Şah İsmayıl”da Şah İsmayılı oynadı və yenə də özünəməxsusluğu ilə yadda qaldı.
   Mədəniyyət və İncəsənət Universitetində muğam sənəti kafedrasına müdir təyin olunandan sonra Səfanın bu kafedraya müəllim kimi işə götürülməsi barədə fikrimi hörmətli rektor Timuçin Əfəndiyevə bildirdim və rəhbərlik onu işə dəvət etdi. Səfa zəhməti sevən, səmimi, iş üçün, sənət üçün can yandıran adam idi. Onun ürəyi daim musiqi üçün döyünürdü. Bu gün həyatda olmasa da, onun səsi səs xəzinəmizdə, yaddaşlarda yaşayır. Allah rəhmət eləsin.
   
   “Səfa mərd adam idi”
   
   Əməkdar artist Sahibə Abbasova Səfa Qəhrəmanovu həm də mərd bir insan kimi xatırlayır:
   - Səfa istedadlı xanəndə olmaqla yanaşı, mərd insan, səmimi dost idi. Biz dəfələrlə Türkiyədə qastrol səfərlərində olmuşuq, Səfanın gözəl yol yoldaşlığı vardı. Oynadığı obrazları da cani-dildən oynayardı. Məcnunun atası obrazını elə oynayırdı ki, tamaşaçılar o obrazı obraz kimi yox, həqiqətən də Məcnunun atası kimi qəbul edərdilər. Onunla Şəfiqə Axundovanın “Gəlin qayası”nda tərəf-müqabil olmuşuq. Şaqraq səsə malik bir xanəndə idi.
   Səfa həm də gözəl dost idi. Əməkdar artist fəxri adı almağımın təşəbbüskarı da elə Səfa olub. Mənim 50, sənətə gəlişimin isə 30 illiyi idi. Bu ərəfədə Səfaya Xalq artisti fəxri adı verdilər. O zaman hörmətli nazirimiz Əbülfəs Qarayevə deyib ki, Sahibə xanımın yaradıcılığının 30 illiyi tamam olur, gözəl səsə malik bir sənətkardır, amma onun fəxri adı yoxdur. Bu görüşdən sonra mənə fəxri ad verdilər. Səfa belə mərd adam idi. Onu heç vaxt unutmaram. Allah qəni-qəni rəhmət eləsin.
   
   * * *
   2000-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülən Səfa Qəhrəmanov baharda dünyaya gəldiyi kimi, elə baharda da - 2008-ci il mayın 5-də dünyasını dəyişdi. Dəyişməyən isə Səfa Qəhrəmanovun muğam aləmindəki yeri, səsi və izidir...
   
   Təranə Vahid