Martın 21-dən 25-dək Koxtla-Yarvada (Estoniya) Uşaq və Gənclərin VII Beynəlxalq Akademik Vokal Müsabiqəsi keçirilib. Müsabiqədə Rusiya, Belarus, Ukrayna, Latviya və Estoniyadan olan vokalçılarla yanaşı, azərbaycanlı musiqiçilər İbrahim Nəsrullayev (Dövlət Uşaq Filarmoniyasının solisti), Eldar Tahirov (F.Əmirov adına İncəsənət Məktəbi), Mərziyə Hüseynova (6 nömrəli musiqi məktəbi) də iştirak ediblər. İ.Nəsrullayev və E.Tahirov müsabiqənin birinci mükafatına və laureat adına, M.Hüseynova isə ikinci mükafata və laureat adına layiq görülüb.
   Estoniya parlamentinin deputatı Eldar Əfəndiyev gənc musiqiçilərimizin uğurundan bəhs edərək deyib: “Azərbaycanlı vokalçılar Moskva və Sankt-Peterburqun güclü vokal məktəbləri ilə rəqabətdən çəkinmədən, əsl peşəkar vokal ifası nümayiş etdirərək birinci yerləri tutublar. Münsiflər heyətinin üzvləri gənc vokalçıların çıxışlarını yüksək qiymətləndirdilər. Tamaşaçılar isə Azərbaycan vokalçılarını səhnədən buraxmaq istəmirdi. Onlar tamaşaçıların böyük rəğbətini qazandılar”.
   Səfir bir qədər əvvəl Estoniyada keçirilən beynəlxalq Şopen müsabiqəsində də gənc musiqiçilərimizin yüksək səviyyədə çıxış etdiklərini xatırladıb: “Bizim gənclər Avropa tamaşaçısına əyani şəkildə göstərdilər ki, Azərbaycan çox zəngin mədəni irsə malikdir”.