Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Ceyranbatan Uşaq İncəsənət Məktəbində musiqi fənlərinin tədrisi metodikasının təkmilləşdirilməsi məqsədilə “açıq dərs”lər keçirib. Məktəbin direktoru Nəcibə Zeynalovanın verdiyi məlumata görə, dərslərdə Abşeron rayonunun 5 uşaq musiqi məktəbindən 11 müəllim və şagirdlər iştirak edib.
Seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinin müdiri Natiq Mustafayev çıxış edərək, metodika və musiqi pedaqogikası sahələrində yeniliklər, yeni tədris proqramlarından söz açıb, müxtəlif ixtisaslar üçün nəşr olunmuş yeni musiqi ədəbiyyatı, dərsliklər haqqında məlumat verib.
“Açıq dərs”lərdə rayonun uşaq musiqi və incəsənət məktəblərinin xanəndəlik sinfinin müəllimləri arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə muğamlar və onun şöbələrinin tədris proqramlarına uyğun olaraq düzgün tədris olunması, mənimsənilməsi, səhnə mədəniyyəti və s. məsələlər müzakirə edilib.
Ceyhun