Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası UNESCO ilə birlikdə aprelin 30-nu Beynəlxalq Caz Günü kimi qeyd etməyə hazırlaşır. Dünyanın beş qitəsinin musiqiçiləri və caz həvəskarları ilk dəfə olaraq həmin günü əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd edəcəklər. Ötən il UNESCO-nun Baş Konfransı caz musiqisinin xüsusi rolunu nəzərə alaraq, hər il aprelin 30-nun Beynəlxalq Caz Günü kimi qeyd edilməsini qərara alıb.
   Caz günü ilə bağlı bayram tədbirlərinə aprelin 27-də Parisdə, UNESCO-nun mənzil-iqamətgahında start veriləcək. Həmin gün UNESCO-nun xoşməramlı səfiri Herbi Henkokun rəhbərliyi altında tanınmış caz ustalarından Toni Mari, Herold Kleyton, Manyu Koçe, Mişel El Malemin və digərləri maraqlı konsert proqramı ilə çıxış edəcəklər.
   Aprelin 30-da cazın vətəni hesab edilən Yeni Orleanda da (ABŞ) xüsusi konsert təşkil olunacaq.
   UNESCO-nun baş direktoru İrina Bokova dünya mədəniyyətlərinin yaxınlaşmasında, müxtəlif qitələrin insanları arasında dostluq münasibətlərinin yaranmasında caz musiqisinin xüsusi rolunu vurğulayıb. Baş direktor qeyd etmişdir ki, bu gün caz beynəlxalq incəsənət növüdür. Beynəlxalq Caz Günü mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verməklə yanaşı, gender bərabərliyi və sosial dəyişikliklərdə gənclərin rolunun artmasını təmin edən bir vasitədir.