Ata, ana və oğulun musiqi aşiqliyinə «Tanıdım səni» səs verdi
Musiqiyə, sənətə sevgi, bağlılıq da irsidir desəm yanılmaram. Tanış olduğum bu ailənin timsalında həmin fikrin təsdiqini tapdım. Bir də əsl sənətkarlığın bütün hisslərin fövqündə dayandığının, vətən, millət sevgisinin də müəyyən mənada elə sənətə məhəbbətdən qaynaqlandığının şahidi oldum. Çünki sevgi mənəvi dəyərlərin formalaşdırılmasında əsas qüvvədir. Deməli, sən sevdiyin işlə, sənətlə məşğul olduqda və onu ürəkdən sevdikdə elə vətənini də, millətini də sevmiş olursan.
Təqdim edəcəyim bu kiçik ailədə (ata, ana və oğul) də sənətə, musiqiyə, xalqın ruhunun əbədi laylası olan muğama böyük eşq və ehtiram var. Qəhrəmanımız balaca Məhəmmədi indi bütün Azərbaycan tanıyır. Az qala özündən böyük gitarasını qucaraq məharətli ifası ilə minlərlə tamaşaçını ekran qarşısına toplayan, ATV-də yayımlanan «Tanıdım səni» layihəsinin ulduzu Məhəmməd Mustafalı, yəqin, oxuculara da tanışdır.
Özünün sözləri ilə desək, artıq küçə-bayıra çıxa bilmir, hamı onu görcək «Ay Məhəmməd, eşq olsun sənə, bəsdir qan eləyib üzdün də ürəyimizi. Bütün həftəni sənin ifanı gözləyirik, çalış qalib ol ha...», - deyə təriflər yağdırırlar. Elə, deyəsən, redaksiyamıza gələndə də bu tamaşaçı-dinləyici sevgisinin təsiri altında idi. Yaşına xas təbəssümü və uşaq məsumluğu ilə «Ay Allah, hamı mənim qalib gəlməyimi istəyir. Məni nə qədər çox istəyirmişlər. Yox e, gərək udam, yoxsa bu qədər insan məndən inciyər» deməsinə həm valideynləri, həm də Məhəmmədin gəlişindən xəbər tutub başına toplaşan redaksiya əməkdaşlarımız da xeyli güldülər.
Hər həftə ifaçılıq məharətini göstərərək bapbalaca boyu ilə dam dolusu toy edən Məhəmmədin SMS qovğası və şou dartışmalarını da bir kənara qoyub sırf tamaşaçısını düşünməsi və onların qarşısında məsuliyyətini dərk etməsi, açığı, məni təəccübləndirdi.
Sənətdə iz qoymaq istəyirəm
Hə, əksər instrumental ifaçılar kimi Məhəmmədin də danışmaqla arası yoxdur. Bir-iki cümlədən sonra susaraq sözü valideynlərinə verdi. Deyir, sənəti mənə onlar sevdirib, qoy onlar da danışsınlar. Müəlliminin - atasının işarəsindən sonra söhbətə başlayan Məhəmmədin 11 yaşı ilə uyuşmayan fikirləri, düşüncələri qəribə təəssürat yaratdı: «Hər dəfə efirə çıxanda, sadəcə, onu düşünürəm ki, qüsursuz və gözəl ifa edim. Səs göndərənlər də məni seçməkdə çətinlik çəkməsinlər, mənə baxan ustad sənətkarlar da - başda Rəmiş olmaqla - ifamda qüsur tapmasınlar. Hər canlı yayımda elə bil o dünyanı görüb gələn valideynlərim təəssüflənməsinlər. Səhv etməkdən çox qorxuram... Ona görə də səhnəyə çıxan kimi hər şey yadımdan çıxır, özümü elə aparıram ki, elə bil heç kim yoxdur, mən otaqda, sadəcə, məşq edirəm. Amma o ki alqışlar başladı, onda aləm başıma fırlanır, hər şey yadımdan çıxır, bir gitara olur, bir də mən. Ustadım demiş, ya mənə verən Allah, ya da ona. Beləcə, dalaşıram gitara ilə, ifa bitəndə, alqışlar qopanda, hamının gülərək mənə baxdığını görəndə o dəqiqə alətlə barışıram, utanmasam, onu qucaqlayıb öpərəm də. Hələ ki, pis vəziyyətə qoymayıb. Mən də çalışacağam ki, bundan sonra da ifamı mükəmməlləşdirim və gitara alətinin sirlərini daha dərindən öyrənim. Ata-anamın da arzusu elə budur. Onlar məni peşəkar musiqiçi, akademik ifaçı kimi görmək istəyirlər. Bu verilişə görə çox tanındım, sevildim. Bununla kifayətlənməyərək daha da püxtələşmək, sənətdə iz qoymaq istəyirəm».
Musiqi mənim həyatımdır...
Bu dəmdə söhbətə Məhəmmədin atası, Bərdə və ümumilikdə Qarabağ bölgəsində istedadlı musiqiçilərdən biri kimi tanınan Sabir Mustafayev qoşuldu. Hələ uşaq yaşlarından meyilini milli musiqi alətimiz olan tara salan Sabir müəllim də elə Məhəmməd yaşında olarkən mahir ifaçı kimi tanınır və ömürlük həyatını musiqiyə həsr edir: «İlk musiqi təhsilimi Bərdədə aldım, sonra Ağdam şəhər orta ixtisas musiqi məktəbini bitirdim. Sonradan Bərdə rayonuna qayıtdım və 80-ci illərdə çoxdankı arzusunda olduğum xalq çalğı alətləri ansamblını yaratdım. Ansambla «Qarabağ» adını verdim. Məqsədim də o idi ki, Üzeyir, Bülbül yurdu olan Qarabağın adını, musiqisini tərənnüm edim. Qısa zamanda populyarlıq qazanan ansamblla Azərbaycan musiqisini dünyanın bir sıra ölkəsində təmsil etdik. Filarmoniyada böyük konsertlər verdik, televiziyanın fondunda lent yazılarımız var. Ansamblımız bu gün də fəaliyyətini davam etdirir, Bərdə və ətraf rayonların musiqi həyatında fəal iştirak edir”.
Sabir müəllim oğlunun gitaraya olan sevgisinin məşhur gitara ifaçısı, Rəmiş kimi tanınan Rafiq Hüseynovdan qaynaqlandığını deyir. Bu gün xalq musiqisi, muğam sənətimizin dövlətin diqqət mərkəzində olduğunu, gənc və istedadlı ifaçıların xüsusi qayğı ilə əhatə olunduğunu diqqətə çatdıran musiqiçinin fikrincə, sənətin təbliği, musiqinin tərənnümü üçün açılan bu meydan həm də istedadlı insanların üzə çıxmasında mühüm amildir. Muğama böyük diqqət və qayğını xalqın özünə qayıdışı kimi dəyərləndirən sənətkar xalq musiqimizin təbliği sahəsində Heydər Əliyev Fondunun müstəsna rolu olduğunu vurğuladı.
Həyata keçməyən arzuların davamçısı
Məhəmmədin anası, səsi Radio və Televiziyanın «Qızıl fondu»nda qorunan Reyhan Rəcəbova oğlunun uğurlarına sevinərək onu həyata keçməyən arzularının davamçısı sayır: «Əgər sənət paytaxtında, geniş meydan olan Bakıda qalıb sənətimi davam etdirsəydim, yəqin ki, mən də bu gün məşhur ifaçılardan biri olardım. Çünki o vaxt böyük sənətkarlar Tükəzban İsmayılova, Hacıbaba Hüseynov mənim ifama böyük qiymət veriblər. «Anam yadıma düşdü», «Qarabağ şikəstəsi», «Bala nərgiz» kimi mahnılardakı səsim indi də tamaşaçıların xatirindədir. Heydər Əliyev Sarayında, Filarmoniyanın səhnəsində «Qarabağ» ansamblının tərkibində maraqlı konsertlərimiz olub. Sonra ailə həyatımla bağlı olaraq Bərdəyə köçdüm, efir-ekrandan çəkildim. Düşündüm ki, istənilən yerdə sənətlə məşğul olmaq, onu təbliğ etmək olar. Təki içində həvəs olsun. Elə Sabir müəllimlə bu prinsipə əməl edərək fəaliyyətimizi davam etdirdik, Bərdə və ətraf rayonların mədəni tədbirlərində, cəbhə bölgələrində, hərbi hissələrdə çıxışlar etdik».
Rayonda ulduz kimi qarşılandı
Məhəmmədin qısa zamanda məşhurlaşması hər kəsdən çox, yəqin ki, həmyerlilərini sevindirib. Yetirmələrinin onlarla iştirakçı arasından seçilərək onaltılığa düşməsi və hər həftə ifası ilə minlərlə səs qazanaraq, nəhayət, qalibiyyətin bir addımlığında, finalda olması onları fərəhləndirib. Elə ona görə də layihənin başladığı gündən, 5 aylıq fasilədən sonra Novruz bayramı münasibətilə rayonda keçirilən tədbirdə iştirak etmək üçün doğma Bərdəyə qayıdan Məhəmmədi orada ulduz kimi qarşılayıblar. Bu barədə atasının dilindən eşitmək maraqlı olardı: «Rayondakı böyük meydanlardan birində, stadionda baş tutan konsertdə xeyli sayda insan vardı. Bərdə Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə maraqlı konsert proqramı təqdim edildi. İfaçılar arasında bizim Məhəmməd də var idi. Aparıcı onun adını elan edəndə hamı yerindən qalxaraq səhnəyə doğru hərəkət etməyə və ifanı dayanmadan alqışlamağa başladı. Təsəvvür edin, üç dəfə onu səhnəyə qaytardılar, heç kim Məhəmmədi buraxmaq istəmirdi. Qucaqlayıb öpən kim, şəkil çəkdirən kim. Hər kəs “Məhəmməd, Məhəmməd” deyə qışqırırdı...”
Artıq finaldayam
Müsahibə boyu yaşına xas təbəssümlə gah atasına, gah da anasına baxıb, onların dediklərini təsdiqləyirmiş kimi başını yellədən Məhəmməd artıq final həyəcanını yaşayır: “Ürəyim elə bərk döyünür ki, bu qədər turları keçib sonda uduzmaq istəmirəm. Atamın, anamın mənə baxan gözlərində həmişə sevinc görmüşəm, qorxuram, onu başqa hisslə əvəz edərəm. Amma ümidimi də itirmirəm, məncə, məni sevən insanlar da bu son məqamda məni tək buraxmayacaqlar. Çünki mən də onları çox sevirəm. Bütün günü efir və ifam barədə düşünürəm. İnşallah, hər şey ürəyimdən keçənlər kimi olar və mən anamın arzularına, atamın əziyyətinə qalibiyyətimlə cavab verərəm”.
Həmidə Nizamiqızı