Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması məqsədilə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında Xan Şuşinski adına respublika muğam festivalı keçirir. Aprelin 2-də başlayan festival iştirakçılarının dinləmələri aprelin 5-dək Ə.Bakıxanov adına uşaq musiqi məktəbində keçirilib.
   İki qrup üzrə (I qrup: 5 illik təhsil üzrə II-IV siniflər, II qrup: 5 illik təhsil üzrə V sinif və 11 illik təhsil üzrə VIII-XI siniflər) keçirilən festivalda iştirak etmək üçün Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarından 200-dən artıq iştirakçı qeydiyyatdan keçib.
   Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti keçiriləcək. Tədbirdə qaliblər, festivalda fərqlənən şagirdlər, habelə ixtisas müəllimləri mükafatlandırılacaqlar.