Bütün nəğməli, şarkılı Şərqə səs salan, zövqlərdən kam alan Səs!
   
   Qulaqlara bulaq kimi axan, könüllərdə şimşək kimi çaxan Səs. Bir-birə deyər “səs eləmə”, “səsini kəs”, “səsin batsın” və sair. Amma elə səslər də olub, var və olacaq ki, onları eşidəndə adam özü öz səsini kəsir. O səs çağlayıb qurtarana qədər cınqırını da çıxarmırsan...
   
   O hadisə ki hədisə çevrilmədi, o olayın ki səsi çıxmadı, ondan hadisə, olay olmaz. Nüvəsində mənəvi-dünyəvi mənalılıq, mayasında sehr-seyrani heyranlılıq olan bir hadisənin səsi isə mütləq çıxır. Və nə qəribə ki, səsi çıxan bu nəsnənin özü səs ola!..
   
   Səs yiyəsinin səsi
   
   Şuşanı - Azərbaycanın bu təbii konservatoriyasını səslə, avazla təəccübləndirmək havayı cəhd imiş bir zamanlar.
   XIX yüzilliyin sonlarında bu şəhər daha bir səs inqilabını gözləyirmiş. 1889-cu il tarixçəsi öncə şuşalıların, ardınca bütün azərbaycanlıların, lap sonra Yaxın Şərqin hafizəsinə Seyid adlı bir səs və sənət nəhənginin adını yazacaqmış.
   Sonralar Şuşinski təxəllüsü ilə çağının bütün oxuyanlarına atalıq-ustadlıq edəsi bu uşaq İsa bulağının zümzümələri, Qırxqızın, Cıdır düzünün axar-baxarı, anasının laylaları ilə bərabər, artıq məmləkətin hər yerindən gələn ilahi bir səsə - qonşu Cabbar əminin avazlarına da qulaq kəsilə-kəsilə böyüyürdü. Bu səsin sahibi Seyiddən 28 yaş böyük idi. Adı Cabbar, soyadı Qaryağdıoğlu. Bu səs artıq hər yana yayılmışdı, bütün başqa xanəndələrə edilən təəccüblərin, heyrətlərin “barıtına su tökmüşdü”. O səs dünyanın muğam arealının “zövq qidası” ehtiyacını ödəyirdi. Onun səsini ecazkar italyan tenoru Karuzo ilə müqayisə edən kim, onu “Şərq musiqisinin peyğəmbəri” adlandıran kim, “Səs Günəşi” çağıran kim... Və bu Səs Günəşinin kölgəsində gözqamaşdırıcı bir işıq da parlamaqda idi. Bu işığın qonum-qonşu “xəbər”ində bir Seyid “isim”ləşir, bir Şuşinski “sifət”ləşirdi. Qonşuya, məhəlləyə sığmayan bu səs bütün Azərbaycanın qulağına çatır, Şərqin diqqətinə yetişirdi.
   Bu Səs 19 yaşına çatanda Şuşanın “Yay klubu”nda növbəti bir konsert-tamaşa düzənlənir. Konferansye Seyidi səhnəyə, belə deyək, “uşaq ayağından” dəvət edir. Lakin Seyid səhnəyə ağır-batman ağsaqqal salğarıyla çıxır və muğamlardan da ən ağsaqqalını - “Şur”u ifa edir. Söyləyənlər belə bəyan edirlər ki: “Salon bu uşağın səsindən qocaman Şərq xəyalatına dalmışdı...”
   Söyləyiblər ki, Nuhun vaxtından ruhun vaxtına qədər belə səs eşidilməyib. Yazırlar ki, onun bu vaxtaqədərki ifaçılarda görünməmiş zəngulələri salonun nitqini qurutmuşdu. Çəpik çalası əllər tilsimə düşüb “qandal”lanmış, səhnəyə qalxıb onu bağrına basmaq istəyənlərin ayaqları halətdən donub sandallanmışdı...
   Amma belə bir rəsmi - daha doğrusu, mətbu söyləmə də var ki, həmin vaxt salonda olan Cabbar Qaryağdıoğlu ağır-ağır ayağa qalxıb, birayaq-birayaq səhnəyə tərəf irəliləyir. Seyidi bağrına basıb, üzünü az qala iki təsnif müddətinə onun üzünə söykəli saxlayır. Bu “fürsət”dən istifadə edib qəhərini boğur, sevincdən dolmuş gözlərinin yaşını qurudur və üzünü camaata çevirib, deyir: “İndi mən ölməkdən, haçansa bu sənətdən, bu dünyadan getməkdən qorxmuram. Çünki bu sənət dünyasına Seyid gəlir!..”
   
   Xalq məktəbindən çıxmış ali müəllim
   
   Şərti olaraq “xalq məktəbi” dediyimiz bu ocaq, bəziləri kimi “saysız-hesabsız” yox, az tələbə hazırlayıb, az peşəkar yetişdirib. Amma yetişdirib, ha!..
   Azərbaycan fitrətən müəllimlikdən, ustadlıq sarıdan heç bir dövrdə, heç bir bölgədə korluq çəkməyib. Belə simalardan, “canlı universitet”lərdən biri də Mir Möhsün Nəvvab idi ki, gələcəyin böyük müəllimi Seyid Şuşinski də ilk dərsini ondan alıb. Sonralar dövlət texnikum və universitetlərini bitirənlər, özlərinə sənət binəsi qurub, ev olan bir çox sənətkarlar məhz Nəvvabın dühasında yetişib, onun ustad ülgüsündən çıxıblar. Seyidin sonrakı müəllimi Cabbar Qaryağdıoğlu isə onun ifalarının birində riqqətə gələrək söz tapa bilməyib və öz qavalını qocafəndi bir tərzi-hərəkətlə ona bağışlayıb.
   Deyirlər, Seyiddən sonra uzun müddət heç kim “Çahargah”ı ifa etmirmiş. Bəziləri ustada sayğıdan, bəziləri “bərayi-ehtiyat” duyğusundan, bir parası isə qorxudan. Seyidin ifaları millətimizin dədə-babalıq yollarını bağlamaqda davam edən sovet illərində xalqın daxili narazılığını, könül üsyan-təlatümlərini bir qədər yumşaldıb, o siyasi “rejim xoru” dövrlərində camaatı yola verirmiş. O zamanın tamaşaçıları arasında qatı millətçi kimi tanınan içərişəhərli Mail kişi isə məclislərin birində deyib ki, sovetlər bizim milli maraq-çırağımızı söndürdü, cəddinə qurban olduğum Seyid isə oxuyanda bunların “lampıçkalarını” söndürür!..
   Ötən əsrin 70-ci illərində isə bir şair belə yazdı:
   
   Dinlə “Çahargah”ı, eşit “Qatar”ı -
   Könül dünyasının sərvəti, varı.
   Ələsgərin sazı, Qurbanın tarı,
   Seyidin, Cabbarın avazıyam mən.
   

   Paytaxta “xəlqi diplom”la gəlmiş bu tələbə qədim şəhərin “ustad şapalağı”ndan çəkinmədən yeniliklər edir, hər qədim-qədəm yüz addımından birini də (məlum “əfkari ümumiyyə” tərəfindən nəm-nümlə qarşılansa da) novatorluqla atırdı. Təkcə elə “Çahargah”ına görə, onu “axırı əvvəl oxuyan” adlandıranlar varmış. Nədən ki, o, hər məclis-mərəkədə “Çahargah”ı “maye”dən yox, “mənsuriyyə”dən başlayarmış.
   ... İndinin 70-80 yaşlıları Seyidin 74-cü sinnində (vəfatına iki il qalmış) oxuduğu “Mənsuriyyə”sindən məftun-məftun danışalar... sən də oturub susqun-susqun qulaq asasan!
   Onun milli düşüncələrindən şövqlə danışanları da az eşitməmişəm. Söyləyirdilər ki, ahıl-qocamanlar məclislərində camaatı Füzulinin, Nəbatinin, Seyid Əzimin qəzəllərilə heyran edən Seyid, elə ki salondakıların əksəriyyətinin gənclərdən ibarət olduğunu görürdü, - “valı dəyişirdi”. Milli ruhlu qəzəllərdən, Vətən daşlı, yurd vəsfli, xalqı gizlicə-işarətlicə “qalx”a səsləyən ictimai-siyasi məzmunlu şeirlərdən oxuyurdu. Ən maraqlı, döyüşkən misraları, qafiyələri isə salona zəngulələrinin ən qırmanc ləpələrilə çatdırırdı. Onun M.Ə.Sabirin “Millət necə tarac olur-olsun” şeirini oxuduğu “Müxalif”i, “Ayıl, ey millət”, “Mən bir türkəm” mahnıları o qorxulu dövrün qeyrət sədaları kimi səslənirmiş.
   
   Xatirələrdəki Seyid
   
   Bəri başdan qeyd edək ki, bu virtuoz sənətkar haqda əzəl-başdan çox az yazılıb və bu mətbu laqeydlik hələ də davam etməkdədir. Onun barəsində yazılan kitablar, qəzet-jurnal məqalələri, tutumlu portret-verilişlər muğamlarımızın sayı qədər ola, ya olmaya. Qocaman, ahıl yaşlı muğam ifaçılarımız isə, sağ olsunlar, Seyid Şuşinskini hər yerdə, hər an çox sayğı ilə xatırlayırlar. Xalq artistləri Əlibaba Məmmədovun, Canəli Əkbərovun, rəhmətlik İslam Rzayevin və bir çox başqalarının keçmiş günlər, muğam sənətinin tədris-təlim məsələləri barədə beş sözündən üçü Seyid fenomeni, Seyid ustadlığı, Seyid şəxsiyyəti haqda olur. Onun müəllimliyindən isə daha çox danışırlar. Haqlı olaraq qeyd edirlər ki, Seyid Şuşinski muğamın tədrisində, təlimində necə bir ustad, klassik cığır açıbsa, nəhəng-nəhəng müasirləri hələ də özlərini “şəyird” hesab edir, onun möhtəşəm ustadlıq qalasından kənara çıxa bilmirlər. Və çox maraqlıdır, Seyid Şuşinski ülgüsündən çıxan tələbələrin demək olar doxsan doqquz faizi zaman-zaman Xalq artisti fəxri adına layiq görülüb.
   Sonda istədim Seyid Şuşinskinin zirvə səs oktavası, ifa etdiyi muğamlara vurduğu məxsusi güllərin, “Çahargah”a isə şəriksiz müəllif möhürünün sənətkarlıq təhər-tövrü haqda da bir neçə kəlmə yazam. Lakin bu ənənəvi “yazı tapşırması” axarının əksinə üzməyi daha münasib sayıb, bu məsələyə həsr edəcəyim iki-üç abzasın yerinə bir cümlə əlavə etmək qərarına gəldim: Müəllimlər müəllimi Seyid müəllim, sənin məlahətli, ecazkar səs-avazın dərinliyində olmasa da, bu səni əbədi dinləyəcilərin təkrarsız ləzzət, zövq sərinliyində deyirik: ruhun şad olsun!..
   
   Tahir Abbaslı