Məşədi Məmməd Fərzəliyev doxsan illik ömrünün altmış ilini musiqiyə həsr edib, milli mədəniyyətimizin görkəmli nümayəndələri səviyyəsinə yüksəlib. Bu il anadan olmasının 140 ili tamam olan görkəmli sənətkarın adı Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd və Zabul Qasımla bərabər çəkilir...
   
   O, 1872-ci ildə Şuşada anadan olub. Uşaqlıq illəri bu şəhərdə keçsə də, sonralar Gəncədə, Tiflisdə, Batumda, Vladiqafqazda, İstanbulda yaşayır və xanəndəlik edib, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınıb.
   Musiqişünas Firidun Şuşinski araşdırmalarında bu görkəmli sənətkar haqqında yazıb: “Onun gözəl zəngulələri, məlahətli səsi dinləyiciləri valeh edib. Məlahətli səsinə görə dövrünün tanınmış xanəndələri ona həsəd aparıblar. Cabbar Qaryağdıoğlu sənət dostunun şirin və yapışıqlı səsini yüksək qiymətləndirib. Hətta musiqi məclislərinin birində etiraf edib ki, Qafqazda mənə rəqib iki xanəndə var: biri Zabul Qasım, o birisi isə Məşədi Məmməddir...”.
   Görkəmli sənətkarın zəngin repertuarı olub. İfasında səslənən "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Heyratı", "Mənsuriyyə", "Simayi-şəms", "Qarabağ şikəstəsi", "Arazbarı" və s. muğamlar xalq tərəfindən məhəbbətlə qarşılanıb. Azərbaycan vokal sənətində ən çox da "Şüştər"in mahir ifaçısı kimi tanınıb. Belə deyirlər ki, Cabbar Qaryağdıoğlu "Mahur", Seyid Şuşinski "Çahargah", İslam Abdullayev "Segah" ustası kimi ad-san qazanmışdısa, Məşədi Məmməd də məhz "Şüştər"ə öz möhürünü vurmuşdur. Klassik xanəndələrimizin əksəriyyəti Məşədi Məmmədin ifasını yüksək dəyərləndirb. Seyid Şuşinski xatirələrində bu barədə yazır: “Bir gün məni Tiflisdən Gəncəyə toy məclisinə dəvət etdilər. Məclisdə Musa Şuşinski və Məşədi Məmməd Fərzəliyev də vardı. Günortadan sonra məclis qızışdı. Əvvəl Musa “Segah”, sonra Məşədi Məmməd “Şüştər” oxudu. Mən onun şirin guşələrinə, duzlu xallarına valeh olmuşdum. Hətta özümü belə unutmuşdum...”
   Məşədi Məmməd Fərzəliyevin özünəməxsus zəngin yaradıcılıq yolu olub. Apardığı məclislər dillərdə dəsgah olub. Məhz buna görə səsinin şöhrəti tezliklə Qafqazın hüdudlarını aşır. 1912-ci ildə Varşavada yerləşən “Sport-Rekord” şirkəti tərəfindən dəvət alır. Görkəmli azərbaycanlı sənətkarın səsini orada vala yazırlar. İkinci dəfə Kiyevdə yerləşən “Ekstrafon” şirkəti tərəfindən dəvət alır. Ümumilikdə 1912-1915-ci illərdə onun ifasında qırxa qədər muğam, təsnif və xalq mahnısı vala yazılır.
   Müasirləri xatirələrində yazırlar ki, Məşədi Məmməd oxuduğu muğam və mahnılarında daha çox Xurşidbani Natəvanın qəmli qəzəllərindən istifadə edərdi. Sədəf kimi seçdiyi kəlmələr sanki alışıb-yanar və dinləyiciləri kədərləndirərdi:
   
   Fələk, mən tək bu dünyada  qəmi-möhnət çəkən yoxdur,
   Bu qədər səfheyi-rüxsarə göz yaşı tökən yoxdur.
   
   Görkəmli sənətkar bir çox konsertlərini bu beytlə başlanan qəzəllə açarmış.
   Ötən əsrin əvvəllərində o, Tiflisdə yaşamağa qərar verir. Çünki həmin dövrdə bu şəhər Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri sayılırdı. Tiflisdə tez-tez “Şərq konsertləri” təşkil olunurdu. Belə konsertlərdə Məşədi Məmməd Fərzəliyev də iştirak edir. Araşdırmalarda göstərilir ki, xanəndə Tiflisdə “Zubalov adına Xalq evi”ndə Sidqi Ruhullanın quruluşunda tamaşaya qoyulan “Leyli və Məcnun” operasında Zeyd rolunu oynayıb. Tamaşa zamanı opera həvəskarlarının xahişi ilə bir neçə muğam da ifa edib...
   Sürətlə keçən xoş günlər illəri arxada qoyur. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulur. Bu hökumət onun qayğısız günlərinə kölgə salır. Buna baxmayaraq, o öz sənəti ilə məşğul olur. Məşədi Cəmil Əmirovun dəvəti ilə Gəncəyə dönür. Şəhər musiqi məktəbində muğamatdan dərs deyir. Eyni zamanda Gəncə toylarında da yaxından iştirak edir. Zövqlə oxuduğu xalq mahnıları ilə dinləyicilərin zövqünü oxşayır. Seyid Şuşinskinin xatirələrində oxuyuruq: “ Məşədi Məmməd Fərzəliyevin “Axşam oldu“ təsnifini dinləmək musiqini sevənlər üçün böyük səadət idi”.
   Doğrudan da onun coşqun və nikbin səsi çox əzəmətli səslənib. Görkəmli sənətkarın Moskvada keçirilən konserti rəsmi dairələrdə də əks-səda doğurur. Qəzetlərdə ünvanına xoş sözlər söylənilir. Məhz həmin konsertdən sonra onun xarici ölkələrə qastrol səfərləri başlayır. Almaniya, Fransa, Polşa, İngiltərə, Rumıniya, İran və Türkiyədə azərbaycanlı sənətkarın heyranedici səsinə maraq göstərənlərin sayı artır...
   1930-cu illərin acı repressiya küləyi bir çox ziyalıları hədəf almışdı. Belə bir qarışıq zamanda Məşədi Məmməd Fərzəliyevi şübhələr narahat edir. O, qəlbinin dərinliklərində baş qaldıran şübhələrin əsassız olmadığını başa düşür. Yəqin edir ki, bir gün qorxunc kabus onun da qapısını döyəcək. Günlər bir-birini əvəz etdikcə narahatçılığı daha da artır. Səsinin ahəngi dəyişir. Əhvali-ruhiyyəsi pozulur, şuxluğu itir. Elə buna görə də 1929-cu ildə xarici ölkəyə getdiyi bir qastrol səfərindən geri dönmür. Böyük bir ümidlə Türkiyəyə pənah aparır. Ömrünün sonunadək İstanbulda yaşayır...
   Doğma Qarabağdan çox-çox uzaqlarda qərar tutsa da, vətən həsrətini, nisgilini qəlbinin dərinliklərində, oxuduğu xalq mahnılarında və muğamlarda yaşadır. Məşədi Məmməd Fərzəliyev 1962-ci ildə dünyasını dəyişir. Milli vokal məktəbimizin ən yaxşı ifaçılarından biri kimi onun adı könüllərdə və xatirələrdə yaşamaqdadır.
   
   Savalan Fərəcov