“Baku Crystal Hall”ın tikintisi başa çatıb
Bakıda keçiriləcək “Evrovision-2012” mahnı müsabiqəsi üçün inşa olunan “Baku Crystal Hall”ın tikintisi yekunlaşıb. Kompleks müsabiqənin şou tərəfdaşı olan “Brainpoll” şirkətinə təhvil verilib.
Bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov aprelin 16-da Bakıdakı “Eurovision” Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hava şəraiti ilə bağlı yaranan çətinliklərə baxmayaraq, arenanın inşası başa çatıb.
Qeyd olunub ki, “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi 25 min tamaşaçı tutumu olan arena gələcəkdə mötəbər idman yarışlarının, festivalların, konsertlərin təşkili üçün də istifadə olunacaq. Kompleksdə bir sıra yeniliklər tətbiq ediləcək, o cümlədən ilk dəfə olaraq xüsusi avadanlıq quraşdırılacaq.
“Eurovision-2012” yarışmasına hazırlıqla bağlı xüsusi nəqliyyat vasitələrinin gətirilməsi, yeni uçuş xətlərinin açılması, mehmanxanaların hazırlanması, turist marşrutlarının təşkili ilə bağlı kompleks tədbirlər həyata keçirilib.
Mətbuat konfransında çıxış edən “Eurovision-2012” mahnı müsabiqəsinin icraçı prodüseri Adil Kərimli Bakıda keçiriləcək şounun möhtəşəmliyinin təmin olunması üçün Heydər Əliyev Fondunun göstərdiyi böyük dəstəyi xüsusi vurğulayıb. O, təmsil etdiyi qurumun adından müsabiqənin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Məlumat verilib ki, şouda istifadə olunacaq bütün avadanlıqlar artıq Bakıya gətirilib. Bakı şousunda 80 min işıq dioddan, 2500-dən çox proyektordan istifadə olunması nəzərdə tutulur. Bütün bunların nəticəsində may ayında tamaşaçılara səhnə dizaynı, “Green Room”, çəkiliş üslubu ilə çox fərqli, möhtəşəm şoular təqdim ediləcək.
Mətbuat konfransında mahnı müsabiqəsi zamanı həyata keçiriləcək bir sıra planlar da açıqlanıb. Bildirilib ki, Azərbaycana gələcək 42 ölkənin nümayəndə heyətlərinin hər birinə 24 saat ərzində iki nəqliyyat vasitəsi xidmət edəcək. Qonaqlar üçün maraqlı mədəni proqramlar, ölkəmizin görməli yerlərinə turların təşkili nəzərdə tutulub.
Müsabiqənin rəsmi açılışı mayın 19-da olacaq
“Eurovision-2012” müsabiqəsinin “EuroClub”u mayın 13-dən, “EuroVillage” isə mayın 19-dan fəaliyyətə başlayacaq. “Eurovision” aksessuarlarının satışı məhz bu məkanda həyata keçirilir.
Yarışmanın rəsmi açılışı mayın 19-da Əl Oyunları İdman Sarayında hazırlanan “EuroClub”da gerçəkləşəcək. Hər il olduğu kimi, bu il də müsabiqənin rəsmi açılışının I yarımfinaldan bir neçə gün əvvəl keçirilməsi qərara alınıb. Açılış mərasimində 42 ölkənin hər birinin təmsilçisi, nümayəndə heyətləri, mətbuat nümayəndələri, xüsusi qonaqlar iştirak edəcək.
Aparıcılar məlumdur
Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsinin aparıcılarının adları da açıqlanıb. Mayın 22-si, 24-ü və 26-da baş tutacaq bu müsabiqənin aparıcıları sırasında ötən il Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov da var. Ənənəvi olaraq şounu aparmaq üçün üç aparıcı seçilib. Digər aparıcılar İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Leyla Əliyeva və Danimarkada yaşayan azərbaycanlı Nərgiz Birk-Petersendir.
Sadələşdirilmiş viza rejimi
\"Eurovision-2012\" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı respublikamıza gələn əcnəbilərə aprelin 15-dən etibarən sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə başlanılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda bildirilir ki, müsabiqənin iştirakçısı olan ölkələrin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycanın XİN-in Konsulluq İdarəsinin respublikamızdakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.