Məmməd Cavadov - 100
   
   
   Qarabağ torpağında tarixən bir çox görkəmli sənətkarlar, böyük istedad sahibləri yetişib. Dövrünün tanınan musiqiçilərindən olan Məmməd Kərim oğlu Cavadov 1912-ci ildə Füzuli rayonunda anadan olmuşdu.
   
   O erkən yaşlarından musiqiyə həvəs göstərmiş, milli musiqi alətlərindən tütək və balabanda ifa etməyi öyrənmişdi. Musiqiyə olan həvəs onu Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirir. 1930-cu ildə dahi Üzeyir Hacıbəylinin qarşısında imtahan verən gənc Məmməd Cavadov məktəbin nəfəsli alətlər şöbəsinin klarnet sinfinə qəbul edilir. Eyni zamanda sevimli müəllimi Ü.Hacıbəylidən musiqi nəzəriyyəsini, harmoniyanı səylə öyrənməyə çalışır. Üzeyir bəy gəncin yüksək peşəkarlıq qabiliyyətini bəyənir və həmin Texnikumu əla qiymətlərlə bitirən Məmməd Üzeyir bəyin tövsiyəsi ilə imtahansız Dövlət Konservatoriyasının bəstəkarlıq və nəfəsli alətlər şöbəsinə qəbul edilir. Böyük bəstəkar həmçinin 1932-ci ildə özünün yeni yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə onu balaban ifaçısı kimi qəbul edir. M.Cavadov orkestrdə S.Rüstəmov, H.Xanməmmədov, A. Rzayeva kimi görkəmli sənətkarlarla çiyin-çiyinə çalışır, Bülbül, H. Rzayeva, Y.Kələntərli kimi dövrün məşhur xanəndələrini müşayiət edir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında bu orkestrin tərkibində iştirak edir. 1940-cı ildən Ü.Hacıbəylinin təşəbbüsü ilə Dövlət Akademik Opera və Balet Teatrında musiqiçi kimi çalışmağa başlayır.
   M.Cavadovun yaradıcılığının bir hissəsi də 1941-ci ildə yaradılmış Azərbaycan Dövlət Caz Orkestri ilə bağlıdır. Maestro Niyazinin bədii rəhbər olduğu kollektivdə onun ilk dəfə olaraq T. Quliyevin “Çahargah” muğamı mövzusunda improvizələrini saksafonda ifa etməsi, cazla muğamın sintezini böyük ustalıqla nümayiş etdirməsi Üzeyir bəy tərəfindən də yüksək qiymətləndirilir. Orkestr keçmiş SSRİ-nin müxtəlif şəhərlərində uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanır.
   Onun musiqiçilik fəaliyyətinin zirvə nöqtəsi isə Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Dövlət İncəsənət İdarəsinin göndərişi ilə 1943-cü ildə Naxçıvan teatrına dirijor təyin olunan gənc musiqiçi eyni zamanda musiqi məktəbində də pedaqoji fəaliyyətini davam etdirir. Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov kimi tanınmış bəstəkarların yetişməsində M.Cavadovun əvəzsiz xidmətləri olub. Naxçıvanda xalq çalğı alətləri orkestrini və caz orkestrini yaradaraq həmin kollektivlərə rəhbərlik edir. Naxçıvan Muxtar Respublikasının yaranmasının 25 illiyi münasibətilə (1949) 120 nəfərdən ibarət xor kollektivi təşkil edir və yubiley konsertlərində çıxış edir.
   M.Cavadov müxtəlif janrlarda musiqi əsərləri yazıb və bəstəkar kimi də tanınıb. Onun İslam Səfərlinin sözlərinə yazdığı “Bənövşə”, “Badamlı” , Hüseyn Əziminin sözlərinə yazdığı “Bayram töhfəsi”, “Xəyal”, “Naxçıvan düşüncələri“ kimi musiqi əsərləri böyük rəğbət qazanıb. Onu daha çox xalqa sevdirən isə 1945-ci ildə şair Hüseyn Əziminin sözlərinə bəstələdiyi məşhur “Naxçıvan” mahnısı olub:    

   Ey könül mülkünün barı Naxçıvan
   Ellərin sevgili, yarı Naxçıvan ...
   

   Uzun illərdir öz rəngarəngliyini, müasirliyini saxlayan, bu gün da dillər əzbəri olan “Naxçıvan” mahnısı M. Cavadovun mahnı yaradıcılığının zirvəsini təşkil edir desək yanılmarıq. Mahnının melodiyasındakı milli kolorit, həzinlik, şirinlik, sözlərin musiqi ilə ahəngi dinləyicini heyran edir. Bəstəkar musiqinin dili ilə Naxçıvanin tarixini, onun gözəlliklərini vəsf edir, dinləyicinin ruhunu oxşayır.
   Məmməd Cavadov 1960-cı ildən Ağdam Musiqi Texnikumunda, 1977-ci ildən Füzuli şəhər Musiqi Məktəbində müəllim, orkestr rəhbəri vəzifələrində işləyib, işlədiyi dövrdə hər zaman dahi Üzeyir məktəbindən bəhrələndiyini nümayiş etdirərək daim yeni-yeni musiqi əsərləri yaradıb .
   Onun Füzuli rayonundakı fəaliyyət dövründə bəstələdiyi “Gözəl Füzulim” mahnısı yaddaqalan musiqi əsərlərindən biri idi. 1985-ci ildə iri xalq çalğı alətləri orkestri ucun yazdığı “Qarabağ lövhələri“ və Üzeyir Hacıbəylinin 100 illiyinə həsr etdiyi “Sülh marşı” Azərbaycan teleradiosunun “qızıl fondu”na daxil edilib.
   Qarabağ müharibəsi zamani bəstəkar öz doğma yurdunu tərk etmək məcburiyyətində qalaraq ailəsi ilə Lənkəran şəhərinə köçür. Burada musiqi liseyində müəllim işləməklə bərabər, musiqi yaradıcılığını da davam etdirir. Bir müddət sonra Bakıya köçən musiqiçi 2002-ci il dekabrın 10-da dünyasını dəyişir.
   Məmməd Cavadovun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi. O, Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilmiş və Prezident təqaüdçüsü adına layiq görülmüşdü. Musiqiçinin irsini bu gün çoxsaylı yetirmələri davam etdirirlər.
   
   Elmin İdrisli,
   Füzuli rayon Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin direktoru