Paytaxtımız möhtəşəm musiqi bayramını səbirsizliklə gözləyir

    Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsinin başlanmasına sayılı günlər qalır. Artıq hər ötən gün Avropanın musiqi nəbzi Azərbaycanda döyünür. Bu günlər bütün nəzərlər Qərb ilə Şərqin qovuşuğunda yerləşən Bakıya dikilib. Öz növbəsində Azərbaycan öz qonaqpərvərliyini, nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün qollarını bütün Avropaya açıb. Paytaxtımız möhtəşəm musiqi bayramını səbirsizliklə gözləyir.
   
   Aprelin 29-da Dənizkənarı Milli Parkda “Eurovision - 2012” mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubunun təşəbbüsü ilə açıq havada təşkil edilmiş konsert proqramı da buna bariz sübutdur. “Ulduzlar “Eurovision”u dəstəkləyir” devizi altında təşkil edilmiş bu möhtəşəm konsert proqramı doğma Bakımızın sakinləri, eləcə də paytaxtımızın qonaqları üçün əsl bayrama çevrildi. Konsertdə müsabiqənin rəmzi bayrağı ilə yanaşı dalğalanan Azərbaycanın dövlət bayrağı minlərlə tamaşaçıya daha böyük ruh yüksəkliyi bəxş etdi.
   Konsertdən əvvəl jurnalistlərə müsahibə verən tanınmış müğənni və bəstəkar Emin Ağalarov bütün musiqisevərləri Bakıya dəvət etdiyini bildirərək, Azərbaycan paytaxtında təşkil ediləcək bu yarışmanın öz möhtəşəmliyi ilə ürəkləri fəth edəcəyini dedi.
   Gecənin ilk çıxışçısı olan “Eurovision - 2010” təmsilçimiz Səfurə Əlizadə və konsertin aparıcısı Murad Dadaşov bu möhtəşəm musiqi bayramına ev sahibliyi edəcək Azərbaycanın bir-birindən maraqlı tədbirlərlə 57 illik tarixi olan yarışmaya öz töhfəsini verdiyini böyük iftixar hissi ilə qeyd etdilər və bütün müsabiqə iştirakçılarına uğurlar arzuladılar.
   Konsertin qonaqlarından olan “Eurovision - 2012” mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Joxadze də Bakıda olmasından məmnunluqla danışdı və əmin olduğunu bildirdi ki, Azərbaycanda keçiriləcək bu musiqi yarışması öz möhtəşəmliyi ilə uzun illər yaddaşlardan silinməyəcək.
   Gecə fan-klubun rəsmi diceyi Ç.Mustafayevin rəngarəng musiqi proqramı ilə başlandı. Konsertdə “Eurovision-2010”-da ölkəmizi təmsil etmiş Səfurə Əlizadə, ötən il Azərbaycana qalibiyyət gətirmiş Eldar Qasımov və Nigar Camal çıxış etdilər. Eyni zamanda “Eurovision - 2012” mahnı müsabiqəsində Gürcüstanın təmsilçisi Anri Joxadze, həmçinin Ani Lorak və Diana Qurtskaya kimi ifaçıların çıxışı da maraqla qarşlandı.
   Emin Ağalarovun çıxışı gecəyə xüsusi ahəng qatdı. Müğənninin çıxışı zamanı ekranda zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin vaxtilə oxuduğu mahnılardan fraqmentlər nümayiş etdirildi.
   Bir-birindən fərqli və rəngarəng ifalar və qeyri-adi səhnə tərtibatı tamaşaçılara xoş anlar bəxş etdi. Konsertə müğənni Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin şah əsəri olan “Azərbaycan” mahnısı ilə yekun vuruldu.
   İştirakçılara “Eurovision” mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubu tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.