Xəbər verildiyi kimi, Bakıda İSESCO-nun, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsi keçirilib. Aprelin 28-də Azərbaycan Dövlət Filarmoniyasında müsabiqəyə yekun vurulub.
   Qeyd olunub ki, 8-15 və 16-20 yaş qrupları arasında keçirilən müsabiqəyə, Azərbaycan da daxil olmaqla, 8 ölkədən 40-a yaxın musiqiçi qatılıb. İştirakçıların ifaçılıq məharəti Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundovanın sədrliyi ilə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətində Özbəkistan, Qazaxıstan, Küveyt, Türkiyə və Azərbaycanın nümayəndələri təmsil olunublar.
   Müsabiqənin qran-pri mükafatına kiçik yaş qrupunda Ağarəhim Quliyev (fleyta) layiq görülüb. Bu yaş qrupunda fortepiano bölməsində 1-ci və 2-ci yerə müvafiq olaraq Azərbaycan və Küveyt təmsilçiləri (3-cü yer təltif olunmayıb), orkestr bölməsi üzrə isə 1-ci və 2-ci yerlərə Azərbaycan, 3-cü yerə isə Özbəkistan təmsilçiləri layiq görülüblər.
   Böyük yaş qrupunda fortepiano bölməsi üzrə ilk iki yerə Azərbaycan təmsilçiləri layiq görülüb, 3-cü yer isə təltif olunmayıb. Bu yaş qrupunda orkestr alətləri bölməsi üzrə 1-ci, 2-ci və 3-cü yerlər müvafiq olaraq Azərbaycan, Türkiyə və Qazaxıstan təmsilçiləri arasında bölüşdürülüb.