Avstriya bəstəkarı Frans Yozef Haydnın 280 illiyi qeyd edildi
   
   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik musiqisevərlər klubu” mayın 2-də görkəmli dirijor və bəstəkar Niyazinin mənzil-muzeyində Avstriya bəstəkarı Frans Yozef Haydnın (1732-1809) anadan olmasının 280 illiyinə həsr edilmiş tədbir keçirdi.
   
   Tədbiri giriş sözü ilə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov açdı. Sonra tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarova bəstəkar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Qeyd olundu ki, Frans Yozef Haydn Vyana klassik məktəbinin banilərindən biri olmaqla yanaşı, həm də simfoniya və simli kvartetin yaradıcısıdır. Bəstəkar Vyana yaxınlığındakı Rorau kəndində dünyaya gəlib. Məktəbdə müxtəlif musiqi alətlərində ifa etməyi və ifaçılığı öyrənir, 1740-cı ildən Vyanadakı Stefan xoruna qəbul olunur. 17 yaşınadək xorda oxuyur və paralel olaraq bəstəkarlığı öyrənir.
   1761-ci ildə Haydn macar knyazı Esterqazinin sarayında xidmətə başlayır. Knyaz musiqini çox sevdiyi üçün Haydn onun yanında işləməkdən zövq alırmış. Amma sarayda böyük bir xor kapellasına rəhbərlik etdiyi üçün bəstəkarlığa vaxt ayıra bilmirdi. Esterqazinin ölümündən sonra bəstəkar İngiltərəyə gedir və bu səfər onun həyatında dönüş yaradır. Burada “London” simfoniyasını, “Orfey və Evrilika” operasını yazır. Bəstəkarın Londondakı çıxışları böyük müvəffəqiyyət qazanır və o, 1794-cü ildə yenidən bu şəhərə qayıdır. Bəstəkar Oksford Universitetinin fəxri doktoru adına layiq görülür. Vyanaya qayıtdıqdan sonra Haydn onlarla kvartet, trio, sonata və mahnı bəstələyir. Bəstəkarın son əsəri 1801-ci ildə yazdığı “İlin fəsilləri” oratoriyasıdır. Haydn 1809-cu il mayın 31-də vəfat edib.
   Tədbirdə Azərbaycan Dövlət Simli Kvartetinin, Bakı Musiqi Akademiyası tələbələrinin və Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirildi.
   
   L.Azəri