Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin sənət hesabatı

   Əbəs yerə deyilmir ki, musiqi estetik tərbiyənin mühüm vasitəsidir. Bu vasitə uşaqların dünyagörüşünün, mədəni zövqünün formalaşmasında az rol oynamır. Ölkəmizdə gənc musiqiçilərin yetişməsinə hər zaman böyük qayğı ilə yanaşılıb. Çünki səhnədə ilk addımlarını atan hər bir uşaq Azərbaycan musiqisinin gələcəyidir. Bu gün utanaraq, çəkinərək tamaşaçı qarşısına çıxan yeniyetmə, kim bilir, bəlkə də bir neçə ildən sonra dünyanın mötəbər musiqi festivalının qalibi olub Azərbaycana böyük uğur gətirəcək.
   Mayın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin hesabat konsertini də bu əhvalla izlədik. Konserti məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri orkestri açdı. Kollektiv H.Xanməmmədovun “Yenə o bağ olaydı” və Azərbaycan xalq rəqsi “Səməni”ni ifa etdi. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndi. Şagirdlərin maraqlı ifası konsertə gələnlərdə xoş hisslər yaratdı.
   Orkestrə məktəbin müəllimi Vüqar Cəlilov rəhbərlik edir. O, hər il ənənəvi hesabat konserti ilə çıxış etdiklərini, bu tədbirə səylə hazırlaşdıqlarını dedi: “Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə keçirilən konsertə dərs ilinin əvvəlindən hazırlaşırıq. Bu konsertlər uşaqları səhnəyə alışdırır. Elə şagirdlərimiz var ki, onlar valideynlərinin istəyi ilə musiqiyə cəlb olunublar. Belə konsertlərin təşkilindən sonra uşaqlarda sənətə maraq yaranır və onlar həvəslə musiqi ilə məşğul olmağa başlayırlar”.

   Lalə