Aprelin 28-də Qara Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin böyük zalında məktəbin hesabat konserti keçirildi. Konserti bu il 75 yaşını qeyd edən məktəbin yubiley tədbirlərindən biri də hesab etmək olar.
İfaçıları Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edirdi. Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Fidan Fərmanova (fortepiano), Leyla Mehrəliyeva (fortepiano), Cavid Yusifzadə (fortepino), Nərgiz Hüseynova (skripka), Zərrin Əliyeva (skripka), Nadir Eyvazov, Nigar Məmmədova (violonçel), Orxan Hüseynov (violonçel), Sadiq Hüsiyev (fleyta), Aygül Həsənova (qanun), Hafizə Mehdiyeva (qanun) və Mədinə Şahgəldiyevanın (kamança) ifası alqışlar doğurdu. Aygül Həsənova və Mədinə Şahgəldiyevanın ifasında xarici ölkə bəstəkarlarının kamança və qanun üçün işlənilmiş əsərlərini kamera orkestrinin müşayiəti ilə təqdimatı da maraqla qarşılandı.
Tamaşaçılar arasında musiqi mütəxəssisləri, tanınmış pedaqoqlarla yanaşı, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, nazirliyin sektor müdiri Vaqif Babayev, Bakı Musiqi Akademiyasının professoru, akademiya nəzdindəki məktəb-studiyanın direktoru Tərlan Seyidov, Bakı Musiqi Akademiyasının professoru Nəzmiyyə Abbaszadə, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları da vardı.
Leyla Həsənova