Ulu öndər Heydər Əliyevin anadan olduğu günə həsr edilən tədbirlər təkcə sayı ilə deyil, sanbalı, rəngarəngliyi ilə də diqqəti cəlb edir. Məktəblilər də həmin günü layiqincə qeyd etmək üçün əllərindən gələni edir, ürəklərindən keçənləri nümayiş etdirmək istəyirlər.
Belə tədbirlərdən biri bu günlərdə Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbində keçirildi. Tədbir ərəfəsində iki nəfər daha çox həyəcan keçirirdi: fortepiano sinfinin müəllimi Şövkət Qarayeva və onun şagirdi Ayla. Bəs necə, axı, aparıcı bir azdan belə bir elan edəcəkdi: «Birinci sinif şagirdi Ayla Həsənovanın konsertinə başlayırıq!»
Həmin gün məktəbdə böyük canlanma vardı. Konsertin yaxşı keçməsi üçün hamı ürəkdən çalışırdı. Məktəbin direktoru Elxan Məmmədov tədbirin keçirilməsinə şəxsən nəzarət edirdi.
Konsertə çox məsuliyyətlə hazırlaşmış Ayla Həsənova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini böyüklərə layiq ustalıqla ifa etdi. Onun hər çıxışı hərarətlə alqışlandı. Hələ çox balaca olan Aylanın incəsənətə sevgisi, obrazlı desək, özündən qat-qat böyükdür. Tamaşaçılar onun bir neçə vokal ifasının və gözəl rəqsinin də şahidi oldular. Aylanın istedadına heyran qalan tamaşaçılar bu fidanın nailiyyətini təcrübəli Şövkət müəllimənin gərgin zəhmətinin bəhrəsi kimi qiymətləndirdilər. Bilik və bacarığını uşaqlara böyük ürək, hərarətli məhəbbətlə bəxş edən Şövkət xanım çalışdığı uzun illər ərzində çox belə qabiliyyətli şagird yetişdirib. İndi onların sorağı böyük konsert salonlarından gəlir.
Dahi Heydər Əliyevin doğum günü münasibətilə təşkil olunmuş konsertdə Aylanın dostları da çıxış etdilər. Onlar da maraqlı ifaları ilə ulu öndərə böyük məhəbbətlərini bildirdilər.
Sonda ürək sözlərini söyləyən müəllimlər və valideynlər yuxarıda deyilənləri bir daha vurğuladılar, bu konsert-tədbiri Aylanın ilk, Şövkət xanım Qarayevanın növbəti uğuru kimi qiymətləndirdilər. Onlar balaca istedada və müəlliminə yeni uğurlar, daha böyük müvəffəqiyyətlər arzuladılar.
Bahar Mehmanqızı