Xəbər verdiyimiz kimi, aprelin 30-da dünyada ilk dəfə Beynəlxalq Caz Günü qeyd edilib. Bu gün cazın universal yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti olaraq ötən ilin sonunda UNESCO tərəfindən təsis olunub.
   
   Əlamətdar gün münasibətilə aprelin 27-də UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilən musiqi bayramına Azərbaycan da fəal dəstək verib.
   Mayın 2-də isə Bakı Caz Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə tədbir keçirildi.
   Tədbirdə çıxış edən nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Cahangir Səlimxanov bildirdi ki, 30 aprel - Beynəlxalq Caz Günü ilə bağlı Parisdə keçirilən təntənəli mərasimdə Azərbaycandan da istedadlı musiqiçilər iştirak ediblər: “Tədbirdə Salman Qəmbərovun “Lətif” adlı kompozisiyası səsləndi. 1930-cu ildə çəkilmiş “Lətif” səssiz filminin caz musiqisi ilə müşayiəti tamaşaçılarda böyük maraq doğurdu. Bugünkü tədbir də həmin mərasimin davamı sayıla bilər. Azərbaycanda caz musiqisinin özünəməxsus ənənələri var. İstedadlı gənc pianoçularımız çoxdur. Caz pianoçular məktəbi professionallar yetirməkdə davam edir”.
   Musiqiçi Rauf Sultanov isə gənclərə dəstəyin, onları böyük səhnəyə gətirməyin vacib olduğunu bildirdi: “Gənclərə əsl musiqi yolunu göstərməliyik. Caz mədəniyyətini düzgün aşılamalıyıq. Biz də nə vaxtsa bu yolu keçmişik. Bu mədəniyyət nəsillərə ötürülməlidir və onlar da sonrakı nəslə aşılamalıdırlar”.
   Tədbirdə çıxış edən Rahib Azəri Azərbaycanda caz musiqisinin tarixindən, Rafiq Babayev, Vaqif Mustafazadə ilə yanaşı tanınmış dünya cazmenlərindən danışdı. Həmçinin caz musiqisinin sehri, onun özünəməxsusluğu haqqında məlumat verdi.
   Çıxışlardan sonra söz caz musiqiçilərinə verildi. Konsert proqramında Rauf Sultanovun rəhbərlik etdiyi musiqi heyəti çıxış etdi. İstedadlı pianoçu mərhum Emil İbrahimin tələbəsi, səhnədə ilk addımlarını atan pianoçu Elbəy Məmmədzadə də həmin qrupun tərkibində maraqlı musiqi nömrələri ilə çıxış etdi. Müxtəlif kompozisiyaların səsləndiyi konsert proqramında Elbəy Məmmədzadənin “Poçtalyon” bəstəsi də yer aldı. Sözlə ifadə olunması mümkün olmayan caz musiqisi dinləyicilərini öz dünyasına, hər notu ilə canlandırdığı əfsanəvi məkana səyahətə apardı.
   
   R.İsayeva