Bizim uşaqlara ən çox verdiyimiz suallardan biri budur: “Böyüyəndə nəçi olmaq istəyirsən?” Çox vaxt eyni şablon cavablar eşidirik: polis, müəllim, həkim və s. Amma bəzən fərqli düşünən uşaqlara rast gəlirik və bu, bizdə maraq doğurur. Onların kiçik yaşlarından müstəqil düşüncəyə sahib olması bizi sevindirir.
Haqqında söhbət açmaq istədiyimiz yeniyetmə də istedadı, fərdi xüsusiyyətləri ilə seçilir. Yusif Yusifov paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 24 saylı uşaq musiqi məktəbində təhsil alır. Musiqi sahəsini atasının istəyi ilə seçsə də, bu istəyə bir balaca müdaxilə edə bilib. Valideynləri onu fortepiano şöbəsinə yazdırdıqları halda Yusif nəfəsli alətləri seçib. Bu seçimdə ona pedaqoqlarının da köməyi olub. 2007-ci ildə musiqi məktəbinə daxil olan Yusif ilk günlərdən təcrübəli müəllim Vaqif Məmmədovun rəhbərliyi ilə istedadını nümayiş etdirə bilir. Rayon, şəhər və respublika səviyyəli tədbir və müsabiqələrdə uğurla çıxış edir.
İlk uğuru 2008-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş musiqi müsabiqəsində qazanır, diploma layiq görülür. Bundan sonra uğurlar bir-birini əvəz edir. 2011-ci ildə görkəmli musiqiçi Rafiq Babayevin xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsində solo ifa edərək bir daha istedadını sübuta yetirir. Həmin il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş uşaq musiqi və incəsənət məktəbi şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsində yüksək səviyyədə çıxış etdiyinə görə 1-ci dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülür. Yeniyetmə ifaçının ötən il daha bir nailiyyəti iyun ayında Rusiyanın Samara şəhərində iştirakçısı olduğu MDB ölkələrinin Uşaq Musiqi Akademiyasında qazandığı diplom olur.
Bu il yanvarın 21-29-da TÜRKSOY-un Uşaq Simfonik Orkestrinin Türkiyənin Konya, Nigde və Kayseri şəhərlərində konsertləri təşkil edilib. Türkdilli ölkələrdən istedadlı uşaqların yer aldığı orkestrə Yusifin də dəvət edilməsi məktəb kollektivinin sevincinə səbəb olmuşdu. Yusif məktəbin müəllimi Vaqif Məmmədovla birgə Türkiyəyə gedərək orkestrin tərkibində respublikamızı layiqincə təmsil edir.
Hazırda Yusif Xalq artisti Teymur Göyçayevin uşaq və gənclərdən ibarət simfonik orkestrində və Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin yaratdığı Dövlət Uşaq Xalq Çalğı Alətləri orkestrinin tərkibində uğurla çıxış edir. Aprel ayında Bakıda keçirilən İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının I Beynəlxalq festival-müsabiqəsində 2-ci yerə layiq görülərək nailiyyətləri sırasına daha birini əlavə edib. Mayın 23-də isə Yusifin Gəncə şəhərində solo konserti olacaq. Klarnet ixtisası üzrə V sinif şagirdi olan bu istedadlı yeniyetmənin neçə-neçə uğurları hələ irəlidədir.
Lalə Azəri