Beynəlxalq mahnı yarışmasının birinci yarımfinalı keçirildi
 
  
   Paytaxtımız Bakının ev sahibliyi etdiyi və bu günlər dünyanın diqqət mərkəzində olan “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə start verildi. Mayın 22-dən 23-nə keçən gecə “Baku Crystal Hall”ın möhtəşəm arenasında musiqi yarışmasının birinci yarımfinalı gerçəkləşdi. Bakı vaxtilə saat 24-də başlanan yarışmada 18 ölkə təmsilçisi səhnəyə çıxdı. 18 ölkə arasından 10 ölkə – Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə qazandı.
   
   İlk yarımfinalda Monteneqro təmsilçisi Rambo Amadeus «Euro Neuro», İslandiya nümayəndəsi Greta Salome & Jonsi dueti \"Mundu Eftir Mer\", Yunanıstan ifaçısı Eleftheria Eleftheriou \"Aphrodisiac\", Latviya təmsilçisi Anmary \"Beautiful Song\", Albaniya müğənnisi Rona Nishli \"Suus\", Rumıniya təmsilçiləri \"Zaleilah\", İsveçrənin «Sinplus» qrupu «Unbreakable», Belçika nümayəndəsi İris \"Would You?\", finlandiyalı ifaçı Pernilla Karlsson «Nar Jag Blundar», İsrailin «İzabo» qrupu \"Time», San Marino təmsilçisi Valentina Monetta «The Social Network Song», Kipr müğənnisi İvi Adamou \"La La Love», Danimarka nümayəndəsi Soluna Samay \"Should’ve Known Better\", Rusiyanı təmsil edən \"Bronovskiye babuşki\" «Party for everybody», Macarıstanın \"Compact Disco\" qrupu \"Sound Of Our Hearts\" mahnıları, Avstriyanın \"Trackshittaz\" qrupu \"Woki Mit Deim Popo\", Moldova təmsilçisi Paşa Parfeni \"Lautar\" , İrlandiyanın \"Jedward\" qrupu \"Waterline\" mahnıları ilə çıxış ediblər.
   Hər ölkənin çıxışından əvvəl nümayiş olunan post-kartlarda Azərbaycanın mədəni irsi, təbiəti, aşıq sənətimiz, muğamımız, milli oyunlarımızı əks etdirən rəngli görüntülər təqdim olunub.
   
   * * *
   Qeyd edək ki, mayın 19-da “Eurovision-2012”nin əsas məkanlarından olan “Euroclub”da (Bakı İdman Sarayı) müsabiqənin rəsmi açılışı keçirilib. Mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil olublar.
   Mərasimdə “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Sonra birinci olaraq “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar və Nigar “Running scare” mahnısını ifa ediblər. Müsabiqənin 2009-cu ildəki qalibi, norveçli Aleksandr Rıbak da musiqisevərlər qarşısına çıxıb. Gecədə həmçinin müsabiqə iştirakçıları, məşhur diceylər konsert proqramları ilə çıxış ediblər. Müxtəlif ölkələrin təmsilçiləri öz repertuarlarından mahnılar səsləndirdilər. Açılış mərasimi atəşfəşanlıqla müşayiət olunub.
   
   * * *
   Mayın 24-də “Eurovision-2012” müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Bu mərhələdə Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva təmsilçiləri çıxış edəcəklər. Hər iki yarımfinaldan finala vəsiqə qazanan 20 iştirakçı, habelə ev sahibi Azərbaycanın təmsilçisi (Səbinə Babayeva) və Avropanın “böyük beşliyi”nin (Almaniya, Fransa, Britaniya, İspaniya, İtaliya) təmsilçiləri mayın 26-da “Eurovision-2012” müsabiqəsinin finalında “Baku Crystal Hall”ın səhnəsinə çıxacaqlar.