Azərbaycan paytaxtının ev sahibliyi etdiyi “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi finala yetişdi. Ötən gecə “Baku Crystal Hall”ın arenasında müsabiqənin ikinci yarımfinal mərhələsi keçirildi.
Yerli vaxtla gecə saat 00:00-da başlayan ikinci yarımfinal şousunda 18 ölkənin - Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina və Litvanın təmsilçiləri səhnəyə çıxdılar. Yarımfinalın 10 qalibi finalda çıxış edəcək.
Xatırladaq ki, mayın 22-dən 23-nə keçən gecə “Baku Crystal Hall”da keçirilən birinci yarımfinalda Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya, İrlandiya finala vəsiqə qazanıb. Birinci yarımfinalda çıxış edən Monteneqro, Latviya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San-Marino və Avstriya təmsilçiləri isə uğur əldə edə bilməyib.
Mayın 26-da keçiriləcək final şousunda yarımfinalların qalibi olmuş 20 ölkə, habelə Azərbaycan, Almaniya, Fransa, Britaniya, İspaniya, İtaliya təmsilçiləri səhnəyə çıxacaq.
Gələn il “Eurovision” müsabiqəsinin harada keçiriləcəyi müəyyənləşməsə də, vaxtı artıq bəllidir. “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib ki, 2013-cü ildə “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final mərhələsi isə mayın 18-də keçiriləcək.
Yeri gəlmişkən, mayın 24-də “Eurovision” mahnı müsabiqəsinin 56 yaşı tamam olub. Müsabiqə ilk dəfə 1956-cı ildə 7 ölkənin - Niderland, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliyanın iştirakı ilə İsveçrənin Luqano şəhərində keçirilib. Mahnı yarışmasının ilk qalibi isə İsveçrə təmsilçisi Lis Asia olub. 56 il ərzində formatında bir neçə dəfə dəyişiklik edilən müsabiqə bu gün də Avropanın ən məşhur şousu olaraq milyonlarla insanları ətrafında toplayıb.