Və ya ruha yatan musiqinin ahəngində sənət söhbəti
Özünü istiyə çox tez qapdıran şəhərin səs-küyündən, yorucu tıxacından qaçaraq görüş yerinə tələsirəm. Çünki orada məni muğam, musiqi adlı sirli-sehrli dünyanın sakinləri gözləyir. Odur ki, təlx əhvalın şirin laylasına doğru can atırdım...
Nəhayət, mənzil başına çatdım. Məni təbəssümlə qarşılayan gözəl kaman ifaçımız, Hacı Məmmədov adına instrumental qrupun yaradıcılarından biri, Əməkdar artist Fəridə Məlikli öncə maraqlı təkliflə çıxış etdi: “Düşünürəm ki, sizin üçün standart müsahib olmayacağıq. Çünki danışmaqla elə də aramız yoxdur. Ona görə də biz ifa edərik, ifamız danışar, siz də yazarsınız”.
Razılaşmalı oldum. Alaqaranlıq dəhliz boyu irəlilədikcə köklənməkdə olan tarın sədası insan ruhunu oxşayırdı. İncə mizrablara toxunan tarzən şəhərin səs-küyünü birdəfəlik batırmışdı. İçəri, tarın ələmdə olduğu otağa daxil olduq. Yanılmamışdım, bu çalğı görkəmli tarzən Hacı Məmmədovun ifa, sənətkarlıq məktəbinin ən tanınan təmsilçilərindən olan Ramiz Həsənovun çalğısı idi. Sənətkar sinəsinə sıxdığı sevimli aləti ilə öz aləmində idi. Onunla üz-üzə Şirvan muğam məktəbinin fərqli səslərindən olan Zeynal Əhmədov əyləşmişdi. Hə, bu üçlüklə Fəridə xanımın təklifinə əməl edəcəyimi kəsdirdim. Konsert-məşq-müsahibə beləcə başladı.
Ə.Məmmədov və İ.Dadaşovun yaradıcılıq məhsulu olan sevimli bir mahnı, dinlədikcə ruhumuzu təzələyən «Mənim Azərbaycanım»ın ritmik ahənginə qoşulub arada bir muğam parçası ilə feyzyab olmaq nəyə desən dəyərdi.
Ustadların çalğısına eyni ahənglə cavab verən Zeynal Əhmədovun alqışlanası ifasının ardınca yavaş-yavaş musiqiçi müsahiblərimi söhbətə çəkirəm. Kaman ifaçısı Fəridə Məlikli yaratdıqları instrumental qrup haqqında söz açır: “Biz xalq mahnılarımızı, muğam nümunələri və xalq rəqslərimizi yeni ahəngdə, yeni yanaşmada təqdim etmək istəyirik. Təbii ki, kökünə, nüvəsinə xələl gətirmədən. Bizim əsas məqsədimiz dünənlə bu günün keçmişlə əlaqəsini möhkəmləndirmək, zəngin, qədim ənənələr üzərindəki musiqimizin kökünü, orijinallığını qoruyub saxlamaqla yaşatmaqdır. Bizim heyətin ifaları arasında xarici musiqi əsərləri, estrada, klassik caz nümunələri də öz əksini tapır. Göstərmək istəyirik ki, milli musiqi alətlərimiz olan tar, kaman dünyanın bütün xalqlarının musiqilərinə akifdir, onların ən dərin qatlarına getməyə qadirdir».
Hacı Məmmədovun adını daşıyan bu qrup gözəl tarzənimizin ifa ənənələrini qorumaqla Azərbaycan musiqisinə, onun zəngin tarixinə, instrumental ifa mədəniyyətimizin inkişafına xidmət edir.
Ramiz Həsənov: «Qrupa bu adı verməkdə ilk məqsədimiz müəllimimizin adını yaşatmaq, onu ifaçılıq ənənələrini davam etdirməklə gənc nəslə, zövqlü tamaşaçı-dinləyici auditoriyasına təqdim etməkdir. Digər bir məqsəd ustadımızın çalğı sistemini yaymaqla tarzənləri klassik, nisbətən ağır, çətin, mürəkkəb çalğı üslubuna qaytarmaqdır. Bu üslubun bir çox özəllikləri var. Mən bunların içərisində tarın imkanlarını üzə çıxarmaq və müğənnini, ifaçını arxasınca apara bilmək məharətini xüsusi qeyd etmək istəyirəm».
Fəridə Məlikli: “İfalarımıza diqqət yetirən tamaşaçılar görür ki, biz çox vaxt solistsiz çıxış edirik. Beləcə, özümüz həm solist, həm də elə oxuyanıq. Düzdür, muğam ifaçılarımız, xanəndələrimiz müraciət etdikdə onları böyük məmnuniyyətlə müşayiət edirik. Amma bu muğam qrupunu yaradarkən, qeyd etdiyim kimi, ilk məqsədimiz, belə deyək də, çox vaxt arxa planda, xanəndənin səsinin arxasında qalan instrumentalisit önə çıxarmaqdır. Bununla da ifaçını yönləndirən müşayiəti, musiqini, onun gözəlliklərini, tarın, kamanın musiqidə gedə biləcəyi ənginlikləri bir daha göstərmək istəyirik».
Fəridə xanım söhbət əsnasında sənət uğurlarından, qrupun yeni işlərindən də danışdı: «İnşallah, çox yaxın zamanlarda tamaşaçıları fərqli ifalarla, yeni dinləmələrlə sevindirəcək, hətta təəccübləndirəcəyik. İstəyirəm bu bir sürpriz olsun. Amma sizi əmin edirəm ki, böyük səs gətirən layihəyə imza atmağa hazırlaşırıq”.
Muğam, səs, musiqi sənətimizin ən görkəmli nümayəndələrini istər ayrı-ayrılıqda, istərsə də ansambl tərkibində müşayiət edən instrumental ifaçılarımızdan musiqimizə ölkə hüdudlarından kənarda münasibəti də öyrəndim. Hər qastrolun bir sənət uğuru olduğunu deyən Fəridə xanım milli musiqimizin, muğamlarımızın dünyanın hər yerində eyni məhəbbət, eyni hərarətlə qarşılandığını dedi.
Müsahibə boyu tarı əlindən yerə qoymayan, sənət dostlarının söhbətlərinə tarda ifası ilə ayaq verən Ramiz müəllimi öz aləmindən ayırıb söhbətə gətirmək bir az çətin idi. Ona görə də söz yenə Fəridə xanımdadır: «Uzun illərdir ki, musiqi sənətindəyəm, bir neçə gözəl tarzənimizlə birgə xanəndələrimizi müşayiət etmişik. Amma bir dinləyici olaraq deyə bilərəm ki, Ramiz müəllimin çalğısı onlardan seçilir, onun ifasına biganə qalmaq mümkün deyil. O, tarı əlinə alarkən istər-istəməz insanın diqqətini özünə cəlb edir. Tarla rəftarından ifasınadək keçdiyi məktəb, yetişdiricisi, ustadının dəst-xətti o dəqiqə seçilir. Ramiz müəllim 15 yaşından fərdi olaraq Hacı müəllimin yanında məşğul olub. Musiqiçilər bilir ki, Hacı müəllimin elə də çox tələbəsi olmayıb. Amma Ramiz yeniyetmə çağlarından onun yanında ifaçılıq, sənətkarlıq, tara böyük eşq, məhəbbət ruhunda yetişib. Bu gün də o məktəbə, o ifa yoluna sadiqliklə sənətini davam etdirir. Onu da deyim ki, hər ifaçı da Ramiz müəllimlə ayaqlaşmaq iqtidarında deyil. 31 il musiqi sənətində olan bir kamança ifaçısı olaraq mən özüm onunla birgə çalışmağa başlayandan sonra məcbur oldum, quruluşu dəyişdim ki, o sistemi tuta bilim».
Ramiz Həsənov: «Bu çalğıda mizrablar mürəkkəb və çətindir. Onu bilən və ifa edən sənətkarlarımız var. Sadəcə, o ifaya cavab verən xanəndə də daim səsi, boğazı ilə formada olmalıdır. Yaxşı musiqiçi olmağın bir sirri də ifa etdiyi aləti sevməkdən, yaxşı mənada onun xəstəsi olmaqdan başlayır. Bir də sənətə məşhurluq, şöhrət qapısı kimi baxmaq olmaz. Əks halda sənət dəryası səni özündən kənara atar. Şagirdlərimizə də daim bunu təlqin edirik».
Söhbəti Fəridə Məlikli davam etdirir: “Artıq yeknəsəq çalğı üslubu insanları yorub, qulaqları usandırıb. Kökdən uzaq düşmüş çalğı ilə musiqidə nə isə etmək olmaz. Bu, musiqimizə xələl gətirir. Sanki indi musiqiçilər idman yarışındadırlar. Ora get, ifanı tamamla, aləti köklə, pərdədən-pərdəyə dəyiş, bu tədbirə, konsertə, müşayiətə tələs. Düzdür, bunlar da vacibdir. Amma gərək ifanda o yorğunluq, tələskənlik, necə deyərlər, yolaverdilik olmasın. Əsl ifaçı sırf kökü saxlamaqla ifanın gözəlliyini və özəlliyini göstərə bilməlidir. Əsl peşəkarlıq, ustalıq elə bundadır. Bir şeyi də əminliklə deyə bilərəm ki, sadənin özü gözəldir. Sadəyə bəzək vuranda o, artıq yamaq olur. Bununla kimsə mənim yeniliyin əleyhinə olduğumu düşünə bilər, əsla belə deyil, mən, ümumiyyətlə, inkişafdan, qlobal meyarlardan yanayam. Kökə xələl gətirməyən hər yeniliyi qəbul edirəm».
Zeynal Əhmədov: «Tamaşaçının 10 dəqiqə tamaşa edib alqışladığı bir ifa üzərində biz bəzən aylarla, illərlə məşq edirik. Hər boğazda, hər mizrabda bir sirr, bir özəllik yatır. Onu mütləq tamaşaçıya təlqin etmək lazımdır».
Yetişən nəsillərin milli musiqi alətlərinə marağının artdığını deyən müsahiblərim, bununla yanaşı, gənclərin populyar, yüngül ifa tərzinə meyil göstərmələrindən gileyləndilər. Azərbaycan Milli Konservatoriyasında dərs deyən ifaçılar tələbələri arasında ümidverici gənclərin üstünlük təşkil etdiyini bildirdilər.
Son olaraq müsahiblərimdən arzularını, sənətdə çatmaq istədikləri nöqtəni və bu ahəngə uyğun seçdikləri muğamı soruşdum. Müsahiblərim söhbətə hər kəsin ruhunu dilləndirən “Segah”la ayaq verib «Naz olar» mahnısı ilə xoş ovqatlı nöqtə qoydular.
Həmidə Nizamiqızı