Bakı şəhər Georgi Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi Nəriman Əmiraslanov aprelin 23-dən mayın 26-dək Avropa turnesində iştirak edib. «Azərbaycan deyəndə» adlı turne ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilib.
Yeniyetmə musiqiçi aprelin 23-26-da Paris şəhərində A.Skryabin adına Slavyan Konservatoriyasının keçirdiyi pianoçuların XXII Beynəlxalq müsabiqəsinin laureatı olaraq iki diplomla təltif edilib. Parisdə 26 aprel-2 may tarixlərində Slavyan Konservatoriyasında keçirilən «We play together» adlı digər beynəlxalq müsabiqədə ikinci mükafata layiq görülüb.
N.Əmiraslanov mayın 2-dən 6-dək İtaliyanın Barletta şəhərində keçirilən XXII «Citta di Barletta» gənc musiqiçilərin beynəlxalq müsabiqəsində ikinci mükafat, 4-6 may tarixlərində Romada keçirilən Mosart adına pianoçuların VII beynəlxalq müsabiqəsində diploma layiq görülüb. Mayın 9-da yeniyetmə pianoçu Varşavada Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konsertdə çıxış edib. N.Əmiraslanov həmçinin Polşanın Torun şəhərində keçirilən F.Şopen adına pianoçuların XX beynəlxalq müsabiqəsində diplomant olub. Mayın 16-da isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nəriman Stokholm Konservatoriyasının professoru S.Boystonun ustad dərsində iştirak edib. Daha sonra, mayın 17-20-də beynəlxalq Stokholm müsabiqəsində ikinci mükafata layiq görülüb.
Son olaraq Moskva şəhərində Spivakov Fondunun dəstəyi ilə «Moskva dostları qarşılayır» adlı festivala dəvət alan musiqiçi İ.Çaykovski adına Mədəniyyət Mərkəzində çıxış edib.