Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Gəncədə gənc ifaçıların regional fortepiano müsabiqəsi başlanıb. Bu ixtisas üzrə şagirdlərin peşəkarlığının, onlarda musiqiyə marağın daha da artırılması məqsədilə keçirilən müsabiqəyə Gəncə ilə yanaşı, Samux, Kəlbəcər, Yevlax, Bərdə, Mingəçevir, Göygöl, Naftalan, Gədəbəy, Ağdam, Ucar, Qazax, Ağstafa, Tovuz və Daşkəsən rayonlarından 100-dən artıq gənc ifaçı qatılıb.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdiri Natiq Mustafayevin verdiyi məlumata görə, bu mərhələdə fərqlənən ifaçılar müsabiqənin iyulun 14-dən 16-dək Bakıda keçiriləcək finalında iştirak etmək hüququ qazanacaqlar. İyulun 19-da isə qaliblərin iştirakı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunacaq.