Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi adına mədəniyyət və istirahət parkında Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə Xalq artisti, professor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa edib.
Vokalçılar Aygün Zeynalova, beynəlxalq müsabiqələr laureatı Azər Rza, skripkaçı Mustafa Mehmandarov, fleytaçı Nicat Məmmədovun yüksək ifaçılıq məharəti konserti daha da rövnəqləndirib. Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyasını, C.Rossininin “Sevilya bərbəri” operasından Fiqaronun ariyasını, sonda isə estradamızın korifey sənətkarı Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını yüksək səviyyədə ifa edən Xalq artisti Əvəz Abdullayevin çıxışı xüsusilə yadda qalıb.
Tamaşaçılara yüksək incəsənətlə görüşün unudulmaz anlarını yaşadan musiqiçilərin mükafatı gurultulu alqışlar və gül dəstələri olub.